Xəbər verdiyimiz kimi, 23 yaşlı gənc Xətai rayonundakı evlərdən birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Evdə saxlanılan qızıl-zinət əşyaları oğrular üçün “asan hədəf” sayılır, çünki bu əşyalar tez satıla bilir. Bəs evdə qızıl-zinət əşyalarının saxlanması nə dərəcədə doğrudur? Oğurluq riskini minimuma endirmək üçün hansı tədbirlər görülməlidir?
Globalinfo.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, Azərbaycanda ənənəvi olaraq insanlar pul və qızıllarını evdə saxlamağa üstünlük verirlər:
“Evdə saxlanılan pul və qızıl-zinət əşyaları daha çox onların yerini bilən şəxslər – dostlar, tanışlar, qohumlar və ya onların yönləndirdiyi şəxslər tərəfindən oğurlanır. Təbii ki, bu cür oğurluqların kənar şəxslər tərəfindən törədilməsi də mümkündür. Lakin ümumilikdə dünyada olduğu kimi, Azərbaycanda da oğurluq halları daha çox yaxın çevrədən olan və pulun yerini bilən şəxslər tərəfindən həyata keçirilir. Qızılların və vəsaitlərin banklarda saxlanılması da mümkündür. Pul banklarda müxtəlif valyutalarda – manat, dollar və ya avro şəklində yerləşdirilə bilər. Eyni zamanda, müəyyən məbləğə qədər sığorta təminatı mövcuddur. Yəni bank fəaliyyətini dayandırarsa, vətəndaşlar sığorta olunan məbləği geri ala bilərlər”.
Hüquqşünas əlavə edib ki, Sovet İttifaqının dağılmasından sonra əmanətlərin itirilməsi və sonrakı dövrdə bəzi bankların bağlanması halları insanların banklara inamına mənfi təsir göstərib:
“Buna baxmayaraq, oğurluq riskini minimuma endirmək üçün evlərdə zirehli seyflərdən istifadə etmək və bankların saxlanc xidmətlərinə üstünlük vermək məqsədəuyğundur. Bu üsullarla həm oğurluq hallarının qarşısını qismən almaq, həm də pul və qızıl-zinət əşyalarının təhlükəsizliyini təmin etmək mümkündür”.
Zaira Akifqızı
Globalinfo.az