Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsindən 34 il ötür.
Globalinfo.az “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin sədri, Xocalı sakini Tural Nurməmmədov ilə müsahibəni təqdim edir:
– Tural bəy, əslən Xocalıdansınız. Soyqırımı zamanı neçə yaşınız var idi?
– Həmin vaxt 7 aylıq körpə olmuşam. O dəhşətli gecəni xatırlamasam da, yaşanan faciənin ağrısını ailəmin xatirələrindən, atamın, anamın və yaxın qohumlarımın danışdıqlarından öyrənmişəm. Bu hadisə bizim ailənin yaddaşında silinməz iz buraxıb və mən də həmin ağrının içində böyümüşəm.
– Faciə ailənizə necə təsir edib?
– Xocalı soyqırımı bizim ailə üçün təkcə tarixi hadisə deyil, həm də şəxsi faciədir. Ailə üzvlərimizdən 7 nəfər həmin gecə şəhid olub. Atamın atası və anası, anamın atası və anası, 15-16 yaşlarında iki bacısı və gənc polis əməkdaşı olan qardaşı erməni silahlı birləşmələri tərəfindən amansızcasına qətlə yetirilib. Bu itkilər valideynlərimin həyatında sağalmaz yara açıb. Onlar doğmalarını, valideynlərini, bacılarını, qardaşlarını itiriblər. İllər keçsə də, həmin gecənin ağrısı, soyuğu, qorxusu və ümidsizliyi onların yaddaşında bu gün də canlıdır.
– Həmin gecə baş verənlər haqqında nə bilirsiniz?
– Valideynlərimin və kənd sakinlərinin danışdıqlarına görə erməni silahlı dəstələri səhərə yaxın qəfil hücuma keçərək əvvəlcə yaşayış evlərini atəşə tutub, sonra isə evləri yandırıblar. Dinc, silahsız, köməksiz insanlar amansızcasına qətlə yetirilib. Qışın şaxtalı, qarlı gecəsində insanlar canlarını xilas etmək üçün meşələrə üz tutmalı olublar. Əliyalın, körpələri qucaqlarında, yaşlıları çiyinlərində apararaq donvurma təhlükəsi altında qaçıblar. Bu, sadəcə hərbi əməliyyat deyildi, bu, mülki əhaliyə qarşı məqsədli şəkildə törədilmiş kütləvi qırğın idi. Tarixi faktlara əsasən, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yüzlərlə dinc sakin qətlə yetirilib, qadınlar, uşaqlar və qocalar xüsusi qəddarlıqla öldürülüb. Bu hadisə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və insanlığa qarşı cinayət kimi qiymətləndirilir.
– Xocalıya qayıdış sizin üçün nə ifadə edir?
– 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və 2023-cü ildə keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində Xocalı işğaldan tam azad edildi. Azad olduqdan bir neçə ay sonra Xocalıya getmək mənim və ailəm üçün sözlə ifadə olunmayacaq hisslər idi. Valideynlərim də Xocalı sakinidir. Öz doğma torpağında, ata-baba yurdunda olmaq qürur, sevinc və eyni zamanda kövrəklik idi.
– Eviniz olduğu kimi qalırdı, yoxsa dağıdılmışdı?
– Öz evimizin yerinə baxdıq, ermənilər evləri dağıtmış, kəndi viran qoymuşdular. Evlərdən yalnız daş divar qalıqları qalmışdı. Amma torpaq bizim idi. Həmin torpağa ayaq basmaq belə böyük mənəvi güc verdi.
– Bu gün Xocalıda vəziyyət necədir?
– Bu gün Xocalıda və ümumilikdə Qarabağda Böyük Qayıdış prosesi başlayıb. Dövlət tərəfindən genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılır. İnfrastruktur qurulur, evlər tikilir, həyat yenidən canlanır. İnsanlar böyük sevinc və qürur hissi ilə doğma yurdlarına qayıdırlar. Bu tarixi Zəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində qazanıldı. Biz bu gün azad torpaqlarımızda yaşamağı şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına bacarırıq. Şəhidlərimizin xatirəsi bizim üçün müqəddəsdir. Onların ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.
Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciə təkcə Xocalı sakinlərinin deyil, bütün millətin ürəyində sağalmaz yara kimi yaşayır. Biz bu tarixi unutmayacağıq və unutdurmayacağıq. Çünki Xocalı həm faciənin, həm də ədalətin gec də olsa bərpasının simvoludur.
Zaira Akifqızı
Globalinfo.az