WhatsApp Image 2026 02 18 at 15.14.34

Nağara ifaçısı Natiq Şirinovun toylara 50 min manata getdiyini deməsi vergi məsələsini gündəmə gətirib.

Sitat: “Mən 50 minə toya gedirəm. Qiymət 10 minlə 50 min arasında dəyişir. Bunu rahat və açıq şəkildə deyirəm. Toya tək getmirəm. 50 minə bilirsiniz neçə nəfərlə gedirəm? Orada kimlər olur? Üstəlik, Alim Qasımov da o 50 minin içində iştirak edir”.

Maraqlıdır, bu qədər qonorara görə Natiq Şirinov vergi ödəyirmi? Həmin 50 min manatın neçə faizi vergiyə tutulur?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, burada vergiyə cəlb olunan məbləğ məsələsi müzakirə mövzusudur.

O, ifaçının aldığı qonorara görə vergi ödəməli olduğunu bildirib:

“Ümumi məbləğdən 14 faiz vergi tutulur. Bu ödəniş əməkhaqqı kimi deyil, qonorar kimi rəsmiləşdirildiyi üçün məhz 14 faiz dərəcə tətbiq olunur. Alim Qasımova ödənilən məbləğ də qonorar hesab olunur və həmin ümumi məbləğdən 14 faiz vergi tutulmalıdır. Sənətçinin sonradan həmin vəsaiti necə xərcləməsi və ya nə edib-etməməsi artıq onun şəxsi işidir və məsələyə aidiyyəti yoxdur”.

Vəkil deyib ki, bəzi sənətçilərin həyat tərzinə – yaşadıqları villalara, yeni tikililərdəki mənzillərə və avtomobillərinə nəzər saldıqda, deyilən məbləğlərin reallıqdan çox da uzaq olmadığı qənaəti yaranır:

“Görünən odur ki, söhbət 5-6 min manatlıq məbləğdən getmir. Yarım saatlıq və ya bir saatlıq çıxış müqabilində kifayət qədər yüksək qonorar əldə edildiyi ehtimalı, onların yaşam tərzi ilə müəyyən mənada üst-üstə düşür”.

Məsələ ilə bağlı 16 fevral 2026-cı il tarixində Dövlət Vergi Xidmətinə sorğu ünvanlasaq da, müraciətimizə cavab verilməyib.

Qeyd edək ki, 50 min manat qonorarın 14 faizi vergi tutulursa, bu məbləğ 7 min manat təşkil edir.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: