Xəbər verdiyimiz kimi, Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib. Məlumata görə, G.Eyvazova ötən ay işdən çıxması ilə bağlı istefa ərizəsi yazıb. Buna səbəb onun həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsi olub.
Ailə üzvünün davranışına görə bir şəxsin vəzifədən uzaqlaşdırılması qanunvericilik baxımından nə dərəcədə doğrudur?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı deyib ki, qanunvericilikdə ailə üzvünün törətdiyi hər hansı əmələ, hətta cinayət xarakterli hərəkətə görə başqa bir şəxsin işdən azad edilməsi və ya işə qəbul zamanı ona məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulmur:
“Bir şəxsin açıq platformada, o cümlədən sosial şəbəkələrdə hansısa fikri səsləndirməsi onun ailə üzvünə qarşı hüquqi və ya inzibati tədbirlərin görülməsi üçün əsas ola bilməz. Söhbət yetkinlik yaşına çatmış, yəni 18 yaşdan yuxarı şəxslərdən gedir. Hər kəsin öz fikri, dünyagörüşü və mövqeyi var. Buna görə məsuliyyət yalnız həmin şəxsin öz üzərindədir”.
Mehman Muradlı
Vəkilin sözlərinə görə, istənilən yetkin insan öz fikrini söyləməkdə sərbəstdir:
“Məsələn, bir insan açıq şəkildə ateist olduğunu deyə bilər. Bu fikrə görə onun yaxın qohumunun və ya ailə üzvünün işdən çıxarılması tamamilə qanunsuzdur. Eyni şəkildə, insanlar açıq platformalarda öz dini baxışlarını, ideoloji mövqelərini və ya dünyagörüşlərini ifadə edə bilirlər. Bir şəxsin öz fikrini açıq şəkildə bildirməsi səbəbi ilə onun yaxın adamına qarşı hər hansı inzibati tədbirin, hətta dolayı formada belə, tətbiq edilməsi absurddur. Bu cür yanaşma insan hüquqlarının əsas prinsiplərinə tamamilə ziddir”.
Zaira Akifqızı
Globalinfo.az