Yaxın keçmişdə Azərbaycanda baş verən dəhşətli yanğınların ictimai-siyasi mesaj, təxribat xarakterli olması müzakirə edilib. Bunlardan ən dəhşətlisi 2015-ci ilin 19 may tarixində Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasındakı yanğın idi. Hadisə zamanı 15 nəfər ölmüş, 64 nəfər yaralanmışdı. Ondan bir ay öncə də Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində yanğın olmuşdu. O vaxt bütün alkapon üzlüklü çoxmərtəbəli binaların az qalsın hərəsinin qarşısında bir yanğınsöndürən maşın keşik çəkirdi.
Hər iki yanğını kənar qüvvələrin Azərbaycanda təxribatı kimi qiymətləndirənlər olmuşdu. O dövrdə media bu mövzuda uzun-uzadı araşdırmalar yazdı.
9 yanvar 2024-cü il tarixində isə Perinatal Mərkəzdə güclü yanğın baş verdi. Maraqlıdır, uşaqların doğulduğu, müalicə aldığı xəstəxanada gecəyarı yanğınının olması təsadüfdür, ya təxribat? Hansısa qüvvələr bununla bizə uşaqların timsalında “gələcəyiniz təhdid altındadır” mesajı vermək istəyirlər?
Mövzunu Globalinfo.az-a şərh edən təhlükəsizlik üzrə ekspert Rəşad Rza deyib ki, hazırda konkret fikir söyləmək tezdir:
“Daha öncə baş verən yanğınlar ehtiyatsızlıq, avadanlıqların sıradan çıxması və ya təhlükəsizlik qaydalarına əməl olunmaması səbəbindən baş verib. Lakin son hadisədə uşaqların boğulması məsələsi araşdırılır. Hələ dəqiq bir məlumat yoxdur. Yanğının hansı səbəblərdən baş verdiyini səlahiyyətli şəxslərin açıqlamasından sonra bilmək olar”.
Qeyd edək ki, Respublika Perinatal Mərkəzdə baş vermiş yanğında 4 körpə həyatını itirib, 60 uşaq isə təxliyyə edilib.
Zaira Akifqızı
Globalinfo.az














