Turnikdə asılmaq gün ərzində azalan boyun əvvəlki səviyyəsinə qayıtmasına kömək edə bilər.
Globalinfo.az xəbər verir ki, ortoped həkim Andrey Litvinenko “Argumentı i Faktı”ya açıqlamasında insan boyunun gün ərzində dəyişməsi ilə bağlı maraqlı məqamları izah edib.
Mütəxəssisin sözlərinə görə, gün ərzində cazibə qüvvəsinin təsiri nəticəsində onurğaya yük düşür və fəqərələr arasındakı məsafə azalır. Buna görə də insanın boyu axşam saatlarında səhərlə müqayisədə 2-3 santimetr daha qısa ola bilər.
Həkim bildirir ki, onurğanın təbii uzunluğunu bərpa etmək üçün dartılma hərəkətlərindən istifadə etmək mümkündür. Bunun ən sadə üsullarından biri turnikdən asılı vəziyyətdə qalmaqdır.
Bu zaman fəqərələr üzərindəki sıxılma azalır və onların arasındakı məsafə müvəqqəti olaraq artır. Beləliklə, turnik insanın skeletini daimi şəkildə uzatmır, gün ərzində onurğada yaranan sıxılmanın azalmasına və boyun təbii səviyyəsinə qayıtmasına kömək edə bilər.
Qeyd edək ki, uşaqlarda düzgün qamət və görmənin qorunması ilə bağlı mütəxəssislər iş masasının uşağın boyuna uyğunlaşdırılmasını və gözlərə mütəmadi fasilələr verilməsini tövsiyə edirlər.
Safura Bənnayeva
Globalinfo.az