Xəbər verdiyimiz kimi, Ermənistanın sabiq prezidenti Robert Köçəryan və oğlu dövlət əmlakını və torpaqları bazar qiymətindən xeyli aşağı qiymətə əldə etmək, həmin əmlakların əsl mülkiyyətini gizlətmək və bəzi hallarda rüşvət almaqda ittiham olunurlar.
Globalinfo.az xəbər verir ki, Ermənistan mediası onların sahib olduğu obyektlərlə bağlı məlumat yayıb.
İstintaqa görə, onların əldə etdiyi və ya oğlunun adına rəsmiləşdirilən əsas obyektlər bunlardır:
- “Play City” əyləncə mərkəzi – Açaryan və Tsarav Ağbyur küçələrindəki 8,3 hektar torpaq sahəsi üzərində yerləşir; şirkətin 50%-lik payı Köçəryanın oğlunun adına keçirilib.
- Kaskad ərazisində 2 hektar torpaq – təxminən 40 milyon drama alınıb, daha sonra dəyişdirilərək 1 milyard 742 milyon drama satılıb.
- Paronyan 8 ünvanındakı bina – 40 milyon drama əldə edilib; sonradan tikilmiş yaşayış binasının sahələri və iki dayanacaq Köçəryanın oğlunun adına keçirilib.
- “Mavi Sevan” kurort kompleksi – təxminən 84 milyon drama alınıb və “Art Build” şirkətinin 50%-lik payı oğlunun adına rəsmiləşdirilib.
- “Orange Fitness” klubu – Tsitsernakaberd şossesindəki 29 min kvadratmetrlik torpaq və üzərindəki bina çox aşağı qiymətə əldə edilib; şirkətin 50%-lik payı Köçəryanın oğlunun təsis etdiyi şirkətə keçirilib.
- “Toyota Yerevan” şirkətinin 30%-lik payı – Müdafiə Nazirliyinə məxsus torpaqların bazar qiymətindən təxminən 4 dəfə aşağı qiymətə satılması və Toyota nümayəndəliyinin yaradılmasına şərait yaradılması müqabilində rüşvət kimi verildiyi, daha sonra Köçəryanın oğlunun adına rəsmiləşdirildiyi bildirilir.
- Zabitlər Evi və Nalbandyan 16-dakı yarımtikili binanın dövlət mülkiyyətindən çıxarılması prosesinə görə Köçəryana ümumi dəyəri 2,63 milyard dram olan 56 daşınmaz əmlakın rüşvət kimi verildiyi iddia olunur.
Bu epizodlarla bağlı Robert Köçəryan, oğlu və daha dörd nəfər həbs edilib. İstintaq onları dövlət əmlakının qanunsuz və aşağı qiymətə əldə edilməsi, əmlakın həqiqi sahibinin gizlədilməsi və rüşvət sxemlərində iştirak etməkdə şübhəli bilir.
Sözügedən əmlaklarının ümumi dəyərinin 12-15 milyon ABŞ dolları olduğu ehtimal edilir.
Safura Bənnayeva
Globalinfo.az