1743429846 putin ordu denetiminde noen

“Rusiyada təhlükəsizlik tədbirləri son aylarda xeyli sərtləşdirilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vazhnye Istorii” nəşri məlumat yayıb.

Bildirilir ki, bu ilin yazından etibarən Prezident Vladimir Putinin ətrafında mümkün məlumat sızmaları, daxili qarşıdurma və hətta çevriliş ehtimalları ilə bağlı narahatlıqlar artıb. Hesabatda xüsusilə pilotsuz uçuş aparatları vasitəsilə mümkün sui-qəsd riskinin qeyd olunduğu vurğulanır.

Mənbəyə görə, Rusiya Federal Mühafizə Xidməti təhlükəsizlik rejimini maksimum səviyyəyə qaldırıb. Prezident administrasiyasında nəzarət prosedurları gücləndirilib, hərəkət marşrutları kəskin şəkildə məhdudlaşdırılıb. Eyni zamanda, Putin və ailəsinin Moskva ətrafındakı və Valdaydakı iqamətgahlarda əvvəlki kimi görünmədiyi bildirilir.

İddialara əsasən, yaxın çevrədə rabitə vasitələrinin istifadəsinə ciddi məhdudiyyətlər qoyulub – mobil telefon, internet və digər əlaqə vasitələri nəzarət altına alınıb. Bəzi mənbələr Moskvada vaxtaşırı müşahidə olunan rabitə kəsintilərinin də təhlükəsizlik tədbirləri ilə əlaqəli ola biləcəyini irəli sürür.

Hesabatda həmçinin güc strukturları daxilində gərginliyin artdığı qeyd olunur. 2025-ci ilin dekabrında general-leytenantın (Fanil Sərvərov – red.) öldürülməsindən sonra yüksək rütbəli hərbçilər və təhlükəsizlik qurumları arasında qarşılıqlı ittihamların artdığı bildirilir. Bu çərçivədə bəzi generalların əlavə mühafizə altına alındığı deyilir.

Qeyd edək ki, 2025-ci il dekabrın 22-də Moskvada avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi general-leytenant Fanil Sərvərov həlak olub. Bundan sonra Rusiya təhlükəsizlik qurumlarda ciddi xaos başlayıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: