Türkiyədə qətlə yetirilən 8 yaşlı Narin Güranın cəsədinin tapılmasından sonra 24 nəfər saxlanılıb. Burada diqqətçəkən məqam Narinin ailə üzvlərinin saxlanılmasıdır. Bu, nədən xəbər verir? Belə cinayətlər baş verən zaman niyə şübhəli şəxs kimi ailə nəzarətə götürülür?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan kriminalist Akif Babayev deyib ki, ilk növbədə ekspertiza aparılmalıdır.
Onun sözlərinə görə, əgər uşağa aid bio materiallar əminin avtomobilində tapılıbsa, burada mütləq genetik ekspertiza da aparılmalıdır:
“Ola bilər ki, uşağa aid saç, dırnaq və s. əminin avtomobilindən tapılsın. Bunlar öz təsdiqini taparsa, artıq əmi haqqında bütün lazımi informasiyalar toplanmalıdır. O şəxs işləyirsə, iş yerindən, ümumiyyətlə, onu tanıyan hər kəsdən barəsində nələrsə öyrənmək lazımdır. Toplanan məlumat əsasında cinayətkarın portreti yaradılmalıdır. Bəlkə də o şəxsin keçmişdə də üstü açılmayan cinayəti olub”.
Kriminalist deyib ki, adətən bu cür qətllər ailə üzvləri tərəfindən də həyata keçirilir:
“Yadınızda saxlayın ki, belə cinayətlər baş verəndə fərziyyələrdən biri mütləq ailə üzvlərin üzərinə düşür. Kənardan baxdıqda çox adam düşünür ki, ailə bunu etməz. Amma ilk növbədə elə ailə, qohum, ailəyə yaxın hər kəs şübhəaltına alınmalıdır. Tək əmisini deyil, ata-anasını, bacı-qardaşını, məktəbdə onu tanıyanları bir-bir dindirmək lazımdır. Əgər ailə saxlanılıbsa, deməli, onlara qarşı əllərində hansısa sübutlar var. Bunu da təsdiq etmək üçün dəqiq ekspertizalar keçiriləcək. Bir-birinin əleyhinə olan fikirlər səsləndirilərsə, orada mütlq psixoloji və psixiatrik ekspertiza keçirilməlidir. Həmin ekspertizadan sonra müəyyən olunacaq ki, o şəxslər cinayəti törədəbilər, yoxsa yox. Bu, çox həssas məsələdir. Cinayətkarların artmasının səbəbi odur ki, valideynlər tərəfindən uşaqlara ciddi nəzarət yoxdur. Valideyn tərbiyəni məktəbin, məktəb isə universitetin üzərinə atmamalıdır. Hamı əlbir olaraq bu məsələyə cavabdehdir”.
Zaira Akifqızı
Globalinfo.az