“Vaqif Xaçaturyanın dəstəsi Xocalı rayon Meşəli kəndində bizim 7 ailə üzvümüzü qətlə yetiriblər. Ata tərəfdən babam və nənəm, ana tərəfdən isə babam, nənəm, 2 xalam və 22 yaşlı polis olan dayımı öldürüblər”.

Bu sözləri Globalinfo.az-a Meşəli kənd sakini, “Qeyd” İctimai Birliyinin sədri Tural Nurməmmədov deyib.

Müsahibimiz kiçik dayısı Barat Novruzovun isə əsir götürüldüyünü deyib:

tural nurmemmedov 2

Tural Nurməmmədov

“Dayımı əsir götürənlər arasında həmin Vaqif Xaçaturyan da olub. Dayım əsir götürülməmişdən öncə ailə üzvlərini – atasını, anasını, böyük qardaşını, iki bacısını və iki dayısı oğlunu gözünün önündə öldürüblər. Həmin an valideynlərim yeni ailə qurduqları üçün ayrı evdə olublar”.

T.Nurməmmədov xoşbəxtlikdən Barat Novruzovun əsirlikdən qaçdığını bildirib:

“Dayımı 70 nəfər birləşərək əsir götürüb. Onu döyüblər. Sonra dayımı meşəlik tərəfə gətiriblər ki, qulağını kəsib, işgəncə versinlər. Həmin an Vaqif gedib ip gətirsin. Dayım da həmin vaxt özünü hündür qayadan atıb ki, onların əlində ölməsin. Xoşbəxtlikdən sağ qalıb. Onlar dayımın arxasınca gələ bilmədikləri üçün güllə atıblar, bir neçəsi belinə, ayağına, qoluna dəyib”.

Müsahibimiz valideynlərinin də döyüşdüyünü bildirib:

“Hadisə zamanı mənim valideynlərim də əllərindən gələni ediblər. Anam döyüşənlərə yardım edir, onlara patron, güllə darağı verirmiş evin içində. Ata babam isə döyüşçü idi deyə, elə döyüşərək də qətlə yetirilib. Meşəlidə ən çox şəhid verən bizim ailədir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: