kopekbaligi 1421

Köpəkbalıqları su altında səsləri uzaq məsafədən eşidə və hansı istiqamətdən gəldiyini müəyyənləşdirə bilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Independent”in təqdim etdiyi araşdırmada qeyd edilib.

Nəşrin yazdığına görə, alimlər köpəkbalıqlarının təxminən 75 metr məsafədən səsləri eşidə bildiyini müəyyən ediblər.

Araşdırma Floridanın cənub-şərq sahillərində toplaşan qaraüzgəcli köpəkbalıqları üzərində aparılıb. Palm-Biç sahilində tədqiqatçılar suya axınla hərəkət edən dinamik yerləşdiriblər. Səsin su altında yayılması nəticəsində köpəkbalıqlarının potensial ov barədə məlumat əldə etdiyi üzə çıxıb.

Nəticələr göstərib ki, köpəkbalıqları aşağı tezlikli səsləri 75 metrədək məsafədən qəbul edə bilir. Bu göstərici oxşar şəraitdə əvvəl aparılmış tədqiqatlarda qeydə alınan məsafədən xeyli çoxdur.

Alimlər bu nəticəni xüsusilə maraqlı hesab edirlər. Çünki köpəkbalıqlarında bir çox sümüklü balıqlarda olan və səs təzyiqinin qəbuluna kömək edən qazla dolu üzmə kisəsi yoxdur. Hesab edilir ki, onlar bunun əvəzinə daxili qulaqdan, o cümlədən səsin suda yaratdığı hərəkət və vibrasiyaları qəbul edən xüsusi strukturlardan istifadə edirlər.

Qeyd edək ki, əvvəlki araşdırmalarda köpəkbalıqlarının birdən beşə qədər saya bildiyi də müəyyənləşdirilib. Onların müxtəlif səsləri, abstrakt naxışları və rəngli həndəsi fiqurları fərqləndirə bildiyi məlumdur. Həmçinin bir təcrübə zamanı boz pişik köpəkbalığının balalarının forma və optik illüziyalarla bağlı məlumatları təxminən bir il yadda saxladığı müəyyən edilib.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: