48 illik məsələ yenidən gündəmdə – Əliyev son görüşdə Rəisiyə bunu demişdi

Mayın 19-da Prezident İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında müzakirədə Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikilməsi və bunun Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacağı ilə bağlı danışıqlar aparılıb.

“Ağbənd istiqamətində inşa edilən körpü həm növbəti nəqliyyat bağlantısıdır, eyni zamanda, növbəti dostluq rəmzidir. Biz faktiki olaraq Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir istiqamətini də Ağbənd istiqamətindən salırıq”, – deyə Prezident İlham Əliyev Rəisi ilə görüşündə bildirmişdi.

Eldəniz Əmirov

Globalinfo.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Azərbaycan və İran arasında iqtisadi-siyasi münasibətlərin əsas faktoru Şimal-Cənub nəqliyyat dəhlizidir:

“Bu dəhliz İranla yanaşı Rusiya, Azərbaycan və ümumilikdə dünyanın diqqət mərkəzindədir. İki ölkə arasındakı münasibətlərə də ciddi təsir göstərəcək. Bu, 1976-cı ildə Paris konfransı zamanı Şimal-Cənub dialoqu kimi yaradılmışdı. 2000-ci ildə Rusiya, İran, Oman Sultanlığı və Hindistan rəhbərliyi Sankt-Peterburqda dəhlizin yaradılması ilə bağlı müqavilə imzaladılar. Azərbaycan dəhlizə 2005-ci ildə qoşulsa da, onun əsas ölkələrindən birinə çevrildi. Çünki rəsmi Bakı öz ərazisində infrastruktur layihələrini daha sürətlə icra edib”.

Şimal-Cənub nəqliyyat dəhlizi

İqtisadçı vurğulayıb ki, Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikintisi Şimal-Cənub dəhlizinin növbəti infrastruktur elementi kimi dəhlizin imkanlarını artıracaq:

“Dəhliz üzrə ölkələrin ümumi vəziyyətinə baxdıqda ən pis durumun İranda olduğunu görürük. Burada bir çox infrastruktur layihələrinin icrası üçün maliyyə yoxdur. Rəşt-Astara dəmiryolu layihəsini də Rusiya maliyyələşdirir. Bu məqsədlə 162 km-lik məsafəyə 1.6 milyard dollar ayrıldı. Lakin İran tərəfindən hələ görüləcək çox iş var. Qərbin İran və Rusiya siyasi hakimiyyətinə münasibəti dəyişərsə, sözügedən yol dünyanın ən strateji dəhlizlərindən birinə çevriləcək”.

Safura Bənnayeva
Globalinfo.az