Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən və “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “4 mövsüm Qrız” layihəsi uğurla yekunlaşıb.
Globalinfo.az xəbər verir ki, Quba rayonunun Qrız kəndində həyata keçirilən layihənin sonuncu təlimində qadın iştirakçılar üçün aqroturizm mövzusunda praktiki biliklər təqdim olunub, turizm yönümlü biznesin əsasları izah edilib.
Layihə rəhbəri, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin bölgədə dayanıqlı turizm və qadın təşəbbüskarlığının inkişafına xidmət etdiyini bildirib:
“Bu layihə ilə biz Qrız kəndində qadınların turizm sahəsində fəallaşmasını və öz kiçik bizneslərini qurmaq imkanlarını dəstəklədik. Layihə ərzində yerli resurslara əsaslanan, dörd mövsüm davamlı ola biləcək turizm fəaliyyətlərinə fokuslandıq”.
Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov bölgənin turizm potensialına diqqət çəkərək qeyd edib:
“Qrız kəndi təkcə təbiəti ilə deyil, həm də yerli icmanın fəallığı ilə seçilir. Bu cür layihələr sayəsində yerli əhalinin, xüsusilə də qadınların turizm sahəsinə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarla təmin edilməsi uzunmüddətli inkişaf üçün vacib şərtlərdən biridir”.
Tədbirdə təlimçi, turizm üzrə mütəxəssis Vüqar Dərgahov aqroturizm fəaliyyətlərinin biznes yönümlü təşkili barədə iştirakçılara ətraflı məlumat verib:
“Aqroturizm təkcə fermerlik deyil, bu, kənd həyatını və yerli mədəniyyəti turizm məhsuluna çevirməkdir. Qrız kəndi bu baxımdan çox unikal imkanlara sahibdir və düzgün planlama ilə bu imkanlar gəlirli fəaliyyət sahəsinə çevrilə bilər”.
Vüqar Dərgahovun təqdimatında “Qrız kəndində aqroturizm fəaliyyətlərinin biznes planı” mövzusunda təlimdə iştirakçılar biznes planlaşdırma mərhələləri, məhsul seçimi, qiymət formalaşdırılması, xidmət keyfiyyəti və bazara çıxış yolları barədə məlumatlandırılıblar. Təlim iştirakçılarına biznes planların hazırlanmasına dəstək göstərilib. Sessiya sonunda sual-cavab və müzakirələr aparılıb, daha sonra iştirakçılara təlimdə iştirak etdiklərinə dair sertifikatlar təqdim olunub.
“4 mövsüm Qrız” layihəsi çərçivəsində 3 ay ərzində keçirilən təlimlər, praktiki sessiyalar və qadın yönümlü təşviq proqramları Qrız kəndində sosial-iqtisadi fəallığı artırmağa xidmət edib. Layihənin nəticəsi olaraq yerli qadınlar turizm sahəsində ilkin biznes bilikləri əldə ediblər, kəndin turizm potensialı yerli icma üzvləri tərəfindən daha yaxından tanınıb, aqroturizm, ekoturizm və etnoturizm sahələrində fəaliyyət imkanları araşdırılıb. Layihənin sonunda iştirakçılar qrup halında “4 mövsüm Qrız” adlı vahid brend adı altında turizm yönümlü təşəbbüslərini təqdim ediblər.

