“Azərbaycan insan orqanları ilə bağlı cinayətlərin acı nəticələrini yaşamış ölkələrdən biri kimi göstərilir. Birinci Qarabağ müharibəsindən sonra bu günədək təxminən 4 minə yaxın insanın taleyi qeyri-müəyyən olaraq qalır. Onların bir qisminin orqan alverinin qurbanı olduğu, müxtəlif ölkələrə aparıldığı barədə iddialar səsləndirilir. Azərbaycanda keçirilən məhkəmə proseslərində erməni mənşəli şəxslərin bu faktlarla bağlı etiraflar verdiyi, həmçinin kütləvi qırğınların baş verdiyi məzarlıqların yerlərini göstərdikləri qeyd olunur”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında səsləndirib.
Deputat bildirib ki, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulsa da, ölkə barədə insan hüquqlarının pozulması, terror və cinayət törətmiş şəxslərlə bağlı qəbul edilən qərarların qanunsuz sayılması kimi ittihamlar irəli sürülür:
“Konkret faktlar və etiraflar mövcud olduğu halda bu cür yanaşmaların səsləndirilməsi ədalətli deyil. Ermənilərin 5-10 manat pulundan ötrü beynəlxalq təşkilatlar hər zaman Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdirirlər. İçimizdən çıxan, lakin azərbaycanlı olmayan üzdəniraq, qadın paltarında ölkədən qaçan insanlar Xocalı qətilamı törədən cani dayılarının haqlarında qəbul edilən ədalətli qərarlardan məmnun olmayıblar. Bunların qanı başqa ölkəyə məxsusdur. Onlar elə yaşadıqları həmin dövlətə sadiqdirlər. Xaricdə maliyyələşən, ortaya salınan, qızışdırılan bu insanlar Azərbaycanın qarşısına müəyyən maneələr yaratmağa çalışırlar. Amma bunların heç bir əhəmiyyəti olmayacaq”.
Safura Bənnayeva
Globalinfo.az