“4 dəfə prezident seçkilərində iştirak etsəm də belə debat görmədim, utandım” – Hafiz Hacıyev

7 fevral növbədənkənar prezident seçkilərinə namizədliyi təsdiqlənmiş namizədlərin təbliğat və təşviqat prosesi başlayıb. Yanvarın 15-də İctimai Televiziyada təbliğat və təşviqat kampaniyası üçün ayrılmış ödənişsiz efir vaxtında namizədlərin ilk debatı baş tutub. Burada səsləndirilən fikirlər və çıxışlar ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev debata baxanda utandığını bildirib:

“4 dəfə prezident seçkilərinə namizədliyini irəli sürmüş biri olaraq deyə bilərəm ki, bu cür debatlar ölkənin imicinə zərər vurur. Prezident İlham Əliyev bu gün böyük nüfuza malikdir. Qarabağ məsələsi artıq bağlanıb, Azərbaycan torpaqları üzərində suverenliyini bərpa edib. Yeni dövr başlayıb. Bu dövrdə də böyük işlər görmək üçün güclü nüfuz lazımdır. Həmin nüfuz da İlham Əliyevdədir. Təklif edirəm ki, namizədlər açıq şəkildə etiraf etsinlər ki, seçki yarışında İlham Əliyevin arxası ilə çata bilmirlər. Bununla da seçkilərdə iştirakdan imtina etsinlər. Ölkə prezidentini indidən təbrik edir, fəaliyyətində uğurlar arzulayıram”.

H.Hacıyev namizəd olsa idi efirdən hansı təklifləri səsləndirərdi? Hazırkı şəraitə uyğun nə deyərdi? Keçmiş namizəd deyib ki, Qarabağ mövzusu artıq bitib:

“Buna qayıtmağın mənası yoxdur. Sülh müqaviləsi də ortaq razılıq olduğu halda imzalanacaq. Ermənistan problem yaradırsa, özü bilər. İmzalanmasa da olar. Mən əgər namizədlər sırasında olsa idim, xalqın gələcəyinə dair addımlar atardım. Korrupsiya, məmur özbaşınalığı son həddə çatıb. Yanğınlar baş alıb gedir. Daha sonra işsizliyin qarşısını almaq üçün yeni iş yerlərinin açılması, pensiyaların artırılması, qiymət artımı, qaz, işıq limitinin aradan qaldırılması əsas mövzular olmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az