İsrailin yeni dövlət yaratmaq planı – Türkiyənin bu ərazisi hədəfdədir

WhatsApp Image 2024 10 09 at 14.51.33

İsrailin Livanda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar, həmçinin İranla mövcud gərginlik Türkiyəni də ciddi şəkildə narahat edir. Bəzi türk ekspertlər, hətta rəsmilər İsrailin “vədedilmiş torpaqlar” dini konsepsiyası üzrə hərəkət etdiyini, beləliklə Anadolu torpaqlarına göz dikdiyini iddia edir.

İsrailin Livanda “Hizbullah”a qarşı keçirdiyi əməliyyatlar, həmçinin İranla mövcud gərginlik təbii olaraq “vədedilmiş torpaqlar” dini konsepsiyasını yenidən aktuallaşdırıb. Ankaranın narahatlığını bu baxımdan başa düşmək olar.

Müşahidələrdən bu qənaətə gəlmək olar ki, Türkiyədə İsrailə yanaşma üç cürdür:

1. İsrail düşməndir və “vədedilmiş torpaqlar” dini konsepsiyası üzrə hərəkət etdiyi üçün Anadoluya göz dikib;

2. İsrail yenə düşməndir və Türkiyəyə qarşı kürd separatizmindən istifadə edir;

3. İsrail nə düşməndir, nə dost – bu ölkə ilə gərginliyə girmək mənasızdır.

Üçüncü düşüncə tərzi az bir qisim tərəfindən səslənir. Bununla belə, ilk iki yanaşma diqqət çəkir. Diqqətçəkən digər bir məqam isə Türkiyə parlamentində İsrailin yaratdığı təhdidlər barədə keçirilən qapalı iclasdır. İclasın gündəliyi açıqlanmayıb.

Ankaranın Təl-Əvivlə bağlı narahatlığı ciddir. Amma üzdə görünənlər reallıqla çox da üst-üstə düşmür. Misal üçün, əvvəllər də qeyd etdiyimiz kimi, “vədedilmiş torpaqlar” dini konsepsiyası mifdir. Bu, Ermənistanın “Böyük Ermənistan”, Yunanıstanın “Meqali İdea” kimi mifləri ilə eyni mahiyyətdədir. Yəni mövcud reallıqlar fonunda bu kimi mifik konsepsiyaların icrası mümkün deyil.

O ki qaldı İsrailin Türkiyəyə qarşı kürd separatizmindən istifadə etməsinə, bu, müəyyən mənada məntiqlidir. İsrail regionda ərəb dövlətlərinin çoxluq təşkil etdiyini bilir və bunun dəyişmək üçün Yaxın Şərqin siyasi xəritəsini qarışdırmaq istəyir. Bunu isə kürd dövlətinin yaradılması ilə edə bilər. Hazırda kürdlərin kompakt yaşadığı 4 region ölkəsi var: Suriya, Türkiyə, İraq, İran.

İsrailin İranı parçalamaq istəməsi məlumdur. İraqda isə Şimali İraq Kürd Muxariyyəti var. Bənzər subyektin Suriyada da yaradılmasına çalışılır. Lakin İsrailin regionda özündən bu qədər böyük bir dövləti yaratmaq istəməsi məntiqsiz görünür. Əvvəla, ona görə ki, kürdlər illərdir fərqli güc mərkəzlərinin planındadır. Regionda kürd dövləti yaransa belə, onu idarə etmək, nəzarətdə saxlamaq çox çətindir. Türkiyə əslində buna görə İraqın şimalındakı kürdlərin müstəqillik istəyinə isti baxmayıb.

Nəticə etibarilə Türkiyənin İsraillə bağlı narahatlığı olsa da, Təl-Əvivin bu həcmdə böyük bir planı icra etməsi, Ankaranı qarşısına alması məntiqli deyil.

turan rzayev

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı