Tehran istədi, Bakı razılıq verdi – Növbəti jest

“İranın Azərbaycanla əlaqələrində obyektiv mövqe tutması yaxın perspektivdə aydın olacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, 30 illik Qarabağ münaqişəsi dövründə Azərbaycan rəsmi Tehranın vasitəçilik istəyinə isti baxmayıb:

“Bunun obyektiv və subyektiv səbəbləri var idi. Əsas səbəb isə İranın Azərbaycan ərazilərinin Ermənistanın işğalında qalmasında maraqlı olması idi. Artıq münaqişə bitib, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb. İkinci Qarabağ müharibəsindən sonrakı iki il ərzində Tehran regionla bağlı mövcud reallıqlarla barışmasa da, sonda “3+3” formatını qəbul edərək əməkdaşlığa dayanan mövqe ortaya qoyan tərəfə bənzəyir. İranın əməkdaşlıqda nə qədər maraqlı olacağı yaxın perspektivdə məlum olacaq.

Rəsmi Bakı “3+3” formatında görüşün Tehranda keçirilməsinə problem yaratmadı. Bu, həm də İrana jest idi. Lakin İran hakimiyyətindən fərqli olaraq SEPAH və onun nəzarətində olan media qurumları Azərbaycana qarşı informasiya savaşını dayandırmır.

İranın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında əsas vasitəçiliyi isə mümkün deyil. Bunun üçün nə hüquqi, nə də siyasi müstəvidə beynəlxalq imicə malikdir. Bundan əlavə, Azərbaycan-İran əlaqələrinin inkişafı Tehranın atacağı addımlardan asılı olacaq. Azərbaycanın apardığı regional siyasətin uğurudur ki, Tehran normallaşma xətti götürüb”.

Turan Rzayev
Globalinfo.az