30 illik zülmət bitdi: Sərkisyan və Köçəryan Bakıya gətiriləcək?

Qarabağdakı keçmiş qondarma rejimin “prezidentləri”, erməni terrorçular və digər separatçıların həbsi yeni suallar ortaya çıxarıb. Onlarla bağlı davam edən əməliyyat-istintaq tədbirləri nəticəsində ifadələrinin bir çox qaranlıq məsələlərə aydınlıq gətirəcəyi, ölkədə sensasion həbslərlə nəticələnəcəyi deyilir.

Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyan kimi qondarma rejim liderlərinin həbsindən sonra xüsusilə əsas müharibə caniləri, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın da həbs edilmə ehtimalı müzakirə olunur. Hazırda Ermənistanda qanunsuz mənimsəməyə görə mühakimə olunan Serj Sərkisyanın, Robert Köçəryanın Bakıya gətirilməsi ehtimalı dəyərləndirilir.

Bəs Bakıda həbsdə olan  keçmiş “dqr prezidentlərinin” ifadələri əsasında Azərbaycan dövləti Köçəryanla Sarkisyanı təhvil ala bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, Bakıya gətirilən cinayətkarların ifadələrindən asılı olaraq belə bir addım atmaq mümkündür:

“Azərbaycan ictimai rəyində belə bir fikir var ki, Qarabağda separatçılığın əsasını qoyan, Azərbaycan xalqının qanını tökən və bundan xüsusi zövq alan şəxslərin həbs edilməsi vacibdir. Əlbəttə, hazırda saxlanılan şəxslərin də həbsi çox vacib idi, onlar ölkəmizə qarşı cinayətlərdə iştirak ediblər, buna bilavasitə rəhbərlik ediblər. Bu şəxslərin ifadələri, deyəcəkləri hər şey bizim üçün çox əhəmiyyətlidir. Onların söyləyəcəkləri 30 illik tarixə işıq salmağımıza kömək edəcək. Düşünürəm ki, bu şəxslərin ifadələri sayəsində Robert Köçəryan və Serjik Sarkisyanı da saxlamaq mümkün olacaq. Bu çox vacib məsələdir”.

Politoloq saxlanılan separatçıların azad olunması ilə bağlı çağırışlara diqqət çəkib:

“Bu gün Ruben Vardanyan, Araik Arutyunyan və həbs olunan digər terrorçuların azad edilməsi ilə bağlı çağırışlar edilir. Bunlar çox haqsız və ədalətsiz çağırışlardır. İkinci Dünya müharibəsində Nürenberq prosesi başladıldı və bütün cəlladlar ittiham edildi. Beynəlxalq Cinayət Məhkəməsi Yuqoslaviyanın dağılması istiqamətində cinayətlərə imza atan şəxsləri ittiham etdi. Bu gün də Qarabağ müharibələrində cinayətlərdə əli olan şəxslərin ittiham edilməsi heç kimi narahat etməməlidir. Onlar azadlığa buraxılacaqları təqdirdə, yenidən separatçılığa başlaya, partizan birlikləri yarada, təhlükəsizliyimiz üçün təhdid törədəcək addımlar ata bilərlər.

Qanunun ən sərt üzü ilə cəzalandırılmalıdırlar. Hətta bütün cinayətkarlar məsuliyyətə cəlb edilməlidirlər. Azərbaycanda separatçı dalğanın başlanmasının səbəbkarları və burada qazandıqları “uğurlarla” İrəvanda siyasi hakimiyyətə gələn Köçəryan və Sarkisyan da bura daxildir”.

Ayşən Mustafa
Globalinfo.az