1783934704 52dc72e3cc09b0b33ca30e6821c1c1bb

IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanın Avropa təsisatları ilə münasibətləri, Avropa İttifaqı ilə əməkdaşlığın hazırkı vəziyyəti və Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə yaranmış fikir ayrılıqları barədə açıqlamalar verib. Dövlət başçısı bildirib ki, Azərbaycan Avropa ölkələri və institutları ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlərin inkişafında maraqlıdır. Bununla yanaşı, Prezident Aİ-nin əvvəlki rəhbərliyi dövründə münasibətlərə mənfi təsir göstərən amillərin olduğunu qeyd edib və yeni Avropa Komissiyası ilə əlaqələrin konstruktiv istiqamətdə inkişaf etdiyini vurğulayıb.

Prezident İlham Əliyev AŞPA ilə münasibətlərə də toxunaraq bildirib ki, Azərbaycanın bu qurumda iştirakını davam etdirməsi üçün ilk növbədə nümayəndə heyətinin səsvermə hüququ bərpa olunmalıdır. Dövlət başçısı Azərbaycanın Avropa Şurasından tam çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirdiyini, lakin hələlik dialoq üçün imkan saxladığını deyib.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, dördüncüsü keçirilən Şuşa Qlobal Media Forumu həm regionla bağlı müfəssəl, etibarlı informasiya almaq baxımından, həm də dünyada gedən mövcud proseslər fonunda son dərəcə mühüm tədbirdir:

“Bu gün dövlətlərin sadəcə siyasi və iqtisadi baxımdan güclü olması qarşıda duran vəzifə və öhdəlik deyil. İnformasiya sahəsində də dövlətlər güclü olmalı, bu çağırışa dərhal reaksiya verməli, hətta istiqamətləndirən tərəf olmalıdır.

Azərbaycan bu mənada da seçilməyi bacarır. Cənab Prezident İlham Əliyev məhz azad edilmiş Şuşadan ölkənin gündəliyinə dair, Azərbaycan dövlətinin prioritet istiqamətlərinə dair olduqca maraqlı açıqlamalar verdi. Dövlət başçımız hətta dünyada gedən proseslərə də yanaşmamızı ayrıca və aydın şəkildə ortaya qoydu. Görkəmli siyasi xadim kimi həll yolları tapmağı tövsiyə etdi, bu yollara necə çıxılacağına dair xarici siyasət alətləri və instrumentləri də təqdim etdi.

Təbii ki, Şuşa Qlobal Media Forumunda müzakirə edilən hər bir istiqamət önəmlidir. Məhz elə bunun nəticəsidir ki, dünyanın nüfuzlu xəbər agentlikləri, media qurumları Forumun hər bir detalını başlığa çevirərək paylaşımlar edirlər.

Bu istiqamətdə cənab Prezident İlham Əliyevin dünya siyasətinə hakim olduğu bir daha sübutunu tapdı. ABŞ və Türkiyə ilə olan münasibətlər, Ermənistanla qarşıda duran hədəflər haqqında müfəssəl məlumat verərkən dövlət başçımızın xüsusi toxunduğu istiqamətlərdən biri də Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycanın münasibətləri idi ki, bu məsələyə yenidən baxılmasının zəruri olduğu diqqətə çatdırıldı.

Əvvəla, Azərbaycanla ultimatum və təhdid dili ilə danışıldığına, Azərbaycanın səsi, sözü, mövqeyi nəzərə alınmadığına və Azərbaycana hörmət qoyulmadığına görə haqlı olaraq Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasından çıxdı”.

sebnem hesenova 900x506 2
Şəbnəm Həsənova

Politoloq bildirib ki, illər ərzində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Cozef Borrel başda olmaqla anti-Azərbaycan ritorikası şiddətli şəkildə davam etdirilirdi:

“Münasibətlərimizdə hansı boşluqlar varsa, məhz elə Borrel kimi siyasətdən uzaq şəxslərin, “əməyi”nin nəticəsidir.

Dövlət başçımız haqlı olaraq bildirdi ki, , Azərbaycanın torpaqları Ermənistanın işğalçı qüvvələrinin nəzarəti altında qaldığı müddət, ölkəmizə qarşı AŞPA heç bir sanksiya yürütmürdü. Məhz elə 2023-cü ilin sentyabrından sonra bunlar bizə qarşı daha da sərt mövqedən çıxış etməyə başladılar. Bu faktın özü bütün suallara, müəmmaya cavabdır. Bizim üçün isə müəmmalı heç nə yoxdur. Hər şey aydındır. Bu təsisat cılız maraqların əlində alətə çevrilib.

Avropa Şurası Parlament Assambleyasının və bütövlükdə qərəzli Qərb təsisatlarının istəyi ondan ibarətdir ki, biz onların havasına oynayaq. Azərbaycan isə heç bir halda belə siyasət yürütməyəcək.

Dövlət başçımız bildirdi ki, nəinki AŞPA-da üzvlüyün dondurulmasını, hətta həmin institutdan çıxmağı da nəzərdən keçiririk. Bu isə bizim qarşımızda duran çağırışdır. Çünki məhz AŞPA-nın atdığı addımlar, verdiyi qərarlar bizi buna çağırır.

Avropa Şurasının Baş katibi cənab Alen Berse dövlət başçımızdan bu addımı atmamağı xahiş edib. Düşünürəm ki, əgər xahiş varsa, bu istiqamətdə real, konkret addımlar da olmalıdır. Bir digər haqlı məsələ odur ki, əgər Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişiksə, heç bir halda onların qərarları legitimlik təşkil etmir. Çünki həmin hakimlər arasında hər cür insan ola bilər və son alınan qərarlar göstərdi ki, var. Əgər hər hansı legitim əsas olmadan Azərbaycan səsvermə hüququndan məhrum edilibsə, bu təsisatdan çıxmaqdan başqa yol qalmır.

Dövlət başçımız bir daha diqqətə çatdırdı ki, 2001-ci ildə qoşulduğumuz Avropa Şurası ilkin məqsədlərindən tamamilə uzaqlaşıb. Münasibətlər əvvəl bir cür idisə, indi tamamilə deqradasiya yolundadır”.

Politoloq qeyd edib ki, Şuşa Qlobal Media Forumundan verilən bu kəskin mesaj dərhal ünvanına çatıb:

Azərbaycan o aktorlardandır ki, münasibətləri yenidən nəzərdən keçirməyə üstünlük verir. Nəinki dərhal münasibətlər qırılsın və düşmənçilik səhifəsi açılsın. Azərbaycanın bu yolu tutduğu, bu yanaşmanı üstün gördüyü 30 ilə yaxın zaman çərçivəsində sübut edilib. Biz son dərəcə səbir göstərən, hadisələrə təmkinlə yanaşan, habelə praqmatik yol tutan aktoruq. Odur ki, heç zaman gec deyil”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: