Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Türkiyə ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Zaxarova bildirib ki, Moskva Amerika silahlarının Türkiyə vasitəsilə Ukraynaya mümkün ötürülməsi ilə bağlı Vaşinqton və Ankaradan cavab gözləyir.
XİN sözçüsü Rusiyanın bu məsələnin Ukrayna münaqişəsinin davamlı həll yolları perspektivləri üçün açıq-aşkar nəticələrinə görə cavab gözlədiyini qeyd edib.
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Rusiyanın sözügedən məsələyə dair izahat tələb etməsi Moskva-Ankara münasibətlərində yeni məqamın yarandığını göstərir:
“Rusiya tərəfinin açıqlamasına görə, raket sistemləri və döyüş sursatları da daxil olmaqla, 255,9 milyon dollar dəyərində Amerika silahları Türkiyə üzərindən Kiyevə verilib.
Moskvanın reaksiyası təsadüfi deyil. Türkiyə Rusiya üçün NATO daxilində öz mövqeyi olan və buna görə də xüsusi əhəmiyyət daşıyan ölkədir. Eyni zamanda Ukrayna müharibəsində rəsmi Ankara öz siyasətini müstəqil şəkildə formalaşdırıb. Türkiyə bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Kiyevlə əməkdaşlıq edir, digər tərəfdən Rusiya ilə siyasi və iqtisadi əlaqələri qoruyub saxlayır. Bu baxımdan, ABŞ silahlarının Türkiyə üzərindən Ukraynaya çatdırılması Moskva üçün pessimist əhval-ruhiyyəli xəbərdi. Rusiya düşünür ki, rəsmi Ankara balans məsələsində daha çox Qərbə meyllənmiş ola bilər. Çünki Türkiyə indiyədək Rusiya-Ukrayna müharibəsində bitərəf mövqeyi ilə öz maraqlarını qorumağa çalışıb, nəinki tərəfə çevrilib.

Mütəllim Rəhimov
Bununla belə, Rusiyanın sərt reaksiyasının Türkiyə ilə münasibətləri böhran səviyyəsinə gətirəcəyi gözlənilmir. Ankara Moskva üçün enerji, ticarət, nəqliyyat və regional təhlükəsizlik baxımından mühüm tərəfdaş olaraq qalır. Ona görə də Kremlin əsas məqsədi, görünür, Türkiyəyə təzyiq göstərməklə yanaşı, ABŞ-ın Ukraynaya hərbi dəstəyinin yeni kanallarının yaranmasının qarşısını almaqdır.
Bu məsələ Rusiya-Ukrayna müharibəsinin yalnız cəbhə xəttində deyil, diplomatik və logistika müstəvisində də davam etdiyini göstərir. Türkiyə isə bu qarşıdurmada həm NATO üzvü, həm də Rusiya ilə əlaqələri olan regional güc kimi öz dəyərini getdikcə daha da artırır”.
Qeyd edək ki, avqustun əvvəlində Dövlət Departamenti Konqresi Ankaranın Kiyevə raket sistemləri və mərmilər də daxil olmaqla, 255,9 milyon dollar dəyərində Amerika silahlarını təhvil verə biləcəyi barədə məlumat yaymışdı.
Turan Rzayev
Globalinfo.az