midl

Böyük Britaniya şahzadəsinin xanımı xərçəng xəstəliyinə üstün gələrək hazırda remissiya dövrünü yaşayır. Keyt Middleton onkoloji xəstəliklə mübarizə və sağalma prosesindəki şəxsi təəssüratını diqqətə çatdırmaq məqsədilə çətin “Üç zirvə” (“Three Peaks Challenge”) marşrutunu tamamlayıb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Thevoicemag.ru” məlumat yayıb.

Məlumata əsasən, layihənin şərtlərinə görə, iştirakçılar 24 saat içində ölkənin ən yüksək dağlarına – Şotlandiyadakı Ben-Nevis (1 345 metr), İngiltərədəki Skarfell-Payk (978 metr) və Uelsdəki Snoudon (1 085 metr) zirvələrinə qalxmalıdırlar. Qət edilən marşrutun ümumi məsafəsi 37 kilometr təşkil edir.

Bildirilir ki, Keyt bu marafonda iştirak edən kral ailəsinin ilk üzvü olub. Şənbə günü axşam saatlarında start götürən yürüşdə Uels şahzadəsi marşrutu təkbaşına qət edib. Lakin mərhələlərarası gediş-gəlişdə və təhlükəsizlik məsələlərində ona “Mountain Rescue” xilasetmə təşkilatının nümayəndələri köməklik göstəriblər. Şahzadəyə bu çətin sınaqda həyat yoldaşı şahzadə Uilyam, övladları Corc, Şarlotta və Lui, ata-anası Kerol və Maykl Middletonlar, eləcə də qardaşı Ceyms mənəvi dayaq olublar. Ailə üzvləri onu marşrutun Uelsdəki son nöqtəsində gözləyiblər.

Ben-Nevis dağının ən yüksək nöqtəsində çəkdirdiyi şəkli yayımlayan Keyt xüsusi yürüş geyimində və gülümsəyərək obyektivə tuş gəlib. “Hər il ölkəmizdə yüzminlərlə vətəndaş heç kəsin arzulamadığı o ağır diaqnozu eşitməli olur. Bundan sonra insanı həm fiziki, həm emosional, həm də psixoloji baxımdan sınayan çətin bir mərhələ başlayır. Yaranan çətinliklər ailə münasibətlərinə, dostluğa, karyeraya və insanın özü ilə tək qaldığı anlara qədər sirayət edir. Onkologiya sadəcə bədənə zərər vurmur, o, insanın düşüncə və duyğularını dəyişərək həyatın hər bir sahəsinə nüfuz edir. Mən bu həqiqəti öz təcrübəmə əsasən deyirəm və anlayıram ki, tam sağalma prosesi təkcə tibbi müdaxilə ilə məhdudlaşmır”, – deyə Keyt öz fikirlərini ifadə edib.

O əlavə edib ki, bu marafona qatılmaqda məqsədi sadəcə fiziki gücünü sınamaq olmayıb. Şahzadə, həmçinin özünün də müalicə olunduğu Marsden Kral Xəstəxanasına və “The Royal Marsden Cancer Charity” xeyriyyə fonduna dəstək məqsədilə ianə kampaniyasına başladığını bildirib.

Marafonu uğurla başa vuran Keyt Middleton hazırda xərçənglə mübarizə aparan insanlara xüsusi mesaj ünvanlayıb:

“Cəsarətli olmaq sadəcə dayanmadan irəliləmək mənasına gəlmir. Bu, eyni zamanda, ayaq üstə möhkəm dura bilmək, ətrafdakılarla ünsiyyəti kəsməmək və olduğunuz yerdən asılı olmayaraq anı yaşamaq qabiliyyətidir. Biz bir araya gələrək xərçəngə qarşı savaşan hər bir fərdə dayaq ola və onların bu yolda tək qalmadıqlarını hiss etdirə bilərik. Unutmayın ki, siz tək deyilsiniz”.

Paylaş: