24 dekabrda dünyaya gələn məşhurlar: Zaxarova, Namazov…

Dekabrın 24-də Azərbaycanda Prezident İlham Əliyevin ad günü ictimaiyyət tərəfindən geniş qeyd olunur. Vətən müharibəsindən sonra İlham Əliyevin doğum gününə ictimai diqqət daha da artıb.

Globalinfo.az bildirir ki, Azərbaycanda əksəriyyət qalib ölkənin müzəffər Ali Baş Komandanının anadan olduğu günü xüsusi olaraq qeyd edir. Bu tam təbii bir prosesə çevrilib. Azərbaycanlılar səmimi hislərlə dövlətlərinin başçısına təşəkkürlərini, hörmətlərini və sevgilərini izhar edirlər. Bu təqvimdə sosial şəbəkənin Azərbaycan seqmenti İlham Əliyevin fotoları, təbrikləri ilə dolub-daşır.

Bu il bu coşğu daha da artdı. 19-20 sentyabr antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyi tam bərpa edildi. Xankəndidə, Xocalıda, Xocavəndə, Ağdərədə, Sərsəngdə üç rəngli bayraq ucaldıldı. Dekabrın 21-də Xankəndidə futbol bayramı bu əhvala əlavə rəng, çalar qatdı.

24 dekabrda başqa məşhurların da ad günü oldu. İlham Əliyevin doğun gününə olan maraq, diqqət fonunda onlar xeyli kölgədə qalsa da sosial şəbəkələrdə təbriklərə rast gəlinir.

Globalinfo.az ad günü dekabrın 24-ə təsadüf edən həmin məşhurları təqdim edir.

1. Azərbaycan Respublikası Prezidentinin katibliyinin keçmiş rəhbəri Eldar Namazov 24 dekabr 1956-cı ildə Ağstafa rayonunda dünyaya göz açıb. E.Namazov 1993-cü ilin sentyabr ayından 1999-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidentinin katibliyinin rəhbəri, Ulu öndər Heydər Əliyevin köməkçisi vəzifəsini icra edib. 2001-ci ilin martından “Azərbaycan Naminə” İctimai Mərkəzinin prezidentidir.

2.Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 24 dekabr 1975-ci ildə Moskvada anadan olub. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin başladığı gündən bütün dünyanın diqqətini üzərinə çəkən M.Zaxarova hazırda ən tanınmış rus qadın siyasətçilərdən hesab edilir.

3. Azərbaycan Dövlət Televiziyasının aparıcısı və siyasi icmalçısı, əməkdar jurnalist Tofiq Abbasov 24 dekabr 1959-cu ildə Tehranda dünyaya gəlib. Hazırda politoloq kimi də fəaliyyət göstərən T.Abbasov 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsini yerinə yetirib. Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşıb. 500-dən çox məqalənin və analitik araşdırmanın, sənədli filmlərin müəllifidir.

Əliyar Xəlil
Globalinfo.az