“Sərhəddə tikilmiş evlər azərbaycanlılara verilə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu müxalif erməni ekspert Voskan Sərkisyan yazıb.
O bildirib ki, Tavuşun sərhəd kəndlərində dövlət dəstəyi və kreditləri ilə 16 və 21 milyon dram (təxminən 80-100 min manat) dəyərində fərdi evlər tikilib:
“Bəzi sakinlər kredit tarixçəsinin pis olması səbəbindən proqramdan yararlana bilmir. Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Tiqranaşen (Kərki – red.) kəndləri Azərbaycana təhvil veriləcək. Növbəti mərhələdə “300 min azərbaycanlının Qərbi Azərbaycana qayıtması” həyata keçiriləcək. Yuxarıda qeyd olunan proqram çərçivəsində tikilmiş evlər Ermənistanda məskunlaşacaq azərbaycanlılara verilə bilər”.
V.Sərkisyan guya bu prosesin qarşısını almaq üçün xalqı Paşinyan hakimiyyətinə qarşı çıxmağa, ona səs verməməyə çağırıb.
Məlumat üçün bildirək ki, V.Sərkisyanın adını sadaladığı kəndlər beynəlxalq hüquqa görə Azərbaycan əraziləridir. Mübahisəli ərazilərlə bağlı məsələ isə Bakı və İrəvan arasında gedən delimitasiya və demarkasiya prosesi çərçivəsində həllini tapacaq.
Əliyar Xəlil
Globalinfo.az