2025-ci ildə Ukraynada müharibəni bitirəcək 4 səbəb: Keçmiş səfir açıqladı

“2025 Ukraynada müharibənin bitdiyi il kimi tarixə düşə bilər. Bunun üçün bir neçə səbəblər var. Ancaq eyni zamanda müharibənin davam etməsi üçün də səbəblər az deyil. Putin və Zelenski arasında potensial münasibətlərdə böyük uçurumun olmasını buna misal göstərə bilərik”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki keçmiş səfiri Zalmay Xəlilzadın “The National Interest” üçün qələmə aldığı “Ukraynada müharibə 2025-ci ildə bitəcəkmi?” başlıqlı məqaləsində deyilir.

Məqalə müəllifi hesab edir ki, müharibənin bitməsinə şərait yaradan amillər sanki güclənir.

“Birincisi, Ukraynanın Kursk bölgəsində Rusiyaya qarşı cəsarətli hərbi müdaxiləsi var. Qısa müddətdə bu, böyük fərq yaratdı və müharibəni Rusiyanın daxilinə doğru daşıdı. Eləcə də, Rusiyanın həssas olduğunu nümayiş etdirdi. Kurska hücum ruslar arasında Putinə inamı zəiflətdi və bu amil müharibəni dayandırmaq üçün əsas ola bilər. Eyni zamanda Ukraynada əhval-ruhiyyə artıb. Odur ki, Rusiya ərazisinə hücumlar davam edərsə, bu, müharibəni bitirmək üçün istənilən danışıqlarda sövdələşmə predmetinə çevriləcək”.

Ekspertin fikrincə, ikinci amil Ukraynanın Rusiyaya doğru irəliləməsinin risklə dolu olmasıdır.

“Rusiyanın məqsədi Ukraynanın enerji infrastrukturunu qarşıdan gələn qış mövsümündə sıradan çıxarmaqdır. Bu, Ukraynanın enerji sektoruna hücumların artmasına səbəb olur. Nəticə, çox güman ki, elektrik enerjisinin mövcudluğunun gündə təxminən on iki saata qədər azalması olacaq. Bu da mülki əhalinin üzərinə əhəmiyyətli bir yük qoyacaq və müharibənin davam etdirilməsini sual altına salacaq”.

Müharibənin bitməsini sürətləndirən üçüncü amil isə ABŞ və Avropadakı tendensiyalardır.

“Müharibənin sonsuzadək uzanması Qərb üçün əlverişli deyil. Birləşmiş Ştatlar çox güman ki, zamanla dəstəyini azaldacaq. Prezident Tramp tez bir zamanda diplomatik həllə nail olacaq. Əgər Harris seçilsə belə, hazırkı dəstək səviyyəsini saxlamaqda çətinlik çəkəcək”.

Dördüncüsü, həm Rusiya, həm də Ukrayna üçün ciddi hərbi eskalasiya imkanları məhduddur və risklə doludur.

“Ukrayna Rusiyanı birbaşa təhdid etmək və ya çoxlu sayda uzaqmənzilli silahlara sahib olmaq istəyir. Zelenski və komandası yəqin ki, bu addımların müharibənin gedişatını dəyişə biləcəyinə inanır. Bununla belə, Rusiya və Qərb arasında eskalasiya və münaqişə ilə bağlı potensial risklər səbəbindən hər iki variantın perspektivləri zəifdir”, – deyə Xəlilzad vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az