II Qarabağ müharibəsindən əvvəl deyirdik ki… – Erməni deputat

“II Qarabağ müharibəsindən əvvəl müxalifət bəyan edirdi ki, Paşinyanın komandası Qarabağın verilməsi planını reallaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Şərəf Duyuram Blokundan deputat Ayk Mamicanyan deyib.

“Biz bunu müharibədən əvvəl demişdik, müharibədən sonra isə faktlarla göstərdik. Nikol Paşinyan bu gün açıq formada deyir ki, Qarabağ Azərbaycanın tərkibində olacaq”, – o bildirib.

Deputat həmçinin Paşinyanın Qarabağa status verilməsi imkanlarına məqsədyönlü şəkildə məhəl qoymadığını söyləyib:

“Eyni anda həm statusun müəyyənləşdirilməsini gələcəyə saxlayan Rusiya variantı, həm də statusun olmadığı Qərb variantına razılıq verməklə Paşinyan faktiki olaraq Qarabağ üçün bütün imkanları bağladı. Çünki heç bir güc asan yol olduğu halda daha çətin yolla proses aparmaq istəməyəcək. O bütün bu imkanları biliksizlikdən yox, məqsədyönlü şəkildə əldən buraxıb”.

Qeyd edək ki, başda Nikol Paşinyan olmaqla bütün erməni liderləri Qarabağı Ermənistana birləşdirmək siyasəti yürüdüb. Müharibə müddətində Paşinyanın Azərbaycanın torpaqları azad etmək şərti ilə sülh təkliflərini geri çevirməsi də erməni baş nazirin işğalçılıq niyyətinin nümunəsi idi. Azərbaycan Ordusu Qarabağı hər qarışı uğrunda döyüşərək, qan tökərək azad edib.

İlkin Həsənov
Globalinfo.az