20 yanvar əslində bunun qisası idi – Tarixçidən SENSASİYA

“20 yanvar 1990-cı ildə işğalçı Rusiyanın Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın anım günüdür. Rusiyanın Azərbaycana qarşı terror və düşmənçilik siyasətinin kökü Nadir Şaha gedib çıxır. Məhz Şərqin böyük Fatehi Nadir Şah dünyaya ağalıq etmək istəyən Rusiyanın qarşısını kəsib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

Onun sözlərinə görə, 70 il ərzində işğalçı dövlətin və millət olan rusların nəinki Azərbaycan torpaqlarına qədəm qoymaq, heç bu tərəfə baxmaq cəsarətləri də olmayıb:

“Əlbəttə ki, təsadüfdür, amma məhz 21 yanvar 1732-ci ildə Rəşt müqaviləsinə görə, ruslar Azərbaycan torpaqlarını tərk edib getdilər və Nadir Şahın ölümündən sonra da uzun müddət bu torpaqlara tərəf baxa bilmədilər. Nadir Şahın ölümündən bir müddət keçəndən sonra Bakını işğal etməyə gəlmiş ruslar burada ciddi müqavimət görüblər. Sisianovun başı burda kəsilib, bakılılar ruslara ciddi zərbələr vurublar. Bir sözlə, Rusiya hər zaman Bakı və Azərbaycanlılardan tarix boyu güclü müqavimət və ağır zərbələr aldıqları döyüşlər görüblər və bunları da əsla unutmayıblar. Tarixin bu hadisələrinin şahidlərindən biri də bu gün Şəhidlər Xiyabanının yerləşdiyi Dağüstü Parkdır. Bura uzun zaman müxtəlif dinlərin, ölülərinin dəfn edildiyi qədim qəbristanlıq ərazisi olub”.

Tarixçi deyib ki, 8 avqust 1883-cü ildə qəbiristanlıqda cəsədləri anatomizə etmək üçün kiçik bir kilsə açılıb və ora anatomizə olunan dəfn edilmiş meyitləri göndəriblər:

“Nəticədə məlum oldu ki, burada dəfn edilənlərin çoxu Rusiyanın işğalçı hücumları nəticəsində məhv edilmiş rus əsgərlərinin meyitləridir. Əlbəttə, Rusiya bunu Azərbaycana, xüsusilə bakılılara bağışlaya bilmədi və 1918-ci ilin mart hadisələri zamanı silahlandırığı terrorçu ermənilərlə bərabər özlərinin də iştirak etdiyi soyqırım hadisəsindən sonra minlərlə qətl edilmiş dinc bakılıların burada dəfn edilməsinə bilərəkdən şərait yaratdı.

Eyni ilin sentyabr ayında Bakı döyüşündə həlak olan Osmanlı dövlətinin türk əsgərlərinin cənazələri qəbiristanlıqda dəfn olunmuşdu. Lakin bu, onların qana susamış nifrətlərini sakitləşdirməyə yetmədi. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. Məhz o Kirov ki, əlləri yüzlərlə azərbaycanlı qanına batmış idi. Düz 1990-cı ilə qədər Rusiya burada dəfn edilən Azərbaycan xalqının məzarları üstündə əyləncələr təşkil etdi. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiklərindən baş daşlarından da istifadə ediblər”.

Zaur Əliyev bildirib ki, 1990-cı ildə Rusiyanın yeni qana susayan əlləri Bakıya uzandı:

“19-20 yanvar tarixlərində şəhərə daxil olan işğalçı orduya bir əmr verilmişdi. “Bacardıqca çox azərbaycanlı qətl edin”. Nəticədə rus əsgərləri uşaq-böyük bilmədən amansız qətllər törətdilər. Nəticədə yüzdən çox azərbaycanlı rus terrorunun qurbanı oldular və onların dəfn yeri yenidən Dağüstü Park ərazisi seçildi. Şəhidlərə məzar qazılan zaman vaxtilə burda dəfn edilən üç məzar tapdılar. Bu 3 nəfər 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Eyni zamanda orada Birinci Qarabağ müharibəsi dövründə şəhid olan azərbaycanlılar da dəfn edildilər.

Hazırda Şəhidlər Xiyabanı tarixin bir çox qanlı hadisələrinə şahiddir. Oranı ziyarət edən zaman biz 1918-ci ilin qurbanlarını da, 1990-cı ilin şəhidlərini də yada salırıq.

Bura gedəndə daima xatırlamaq lazımdır ki, Rusiya və ruslar Azərbaycan dövlətinin və xalqının ən birinci düşmənidir”.

Zaira Akifqızı
Globalinfo.az