1999-cu il parlament teraktı təkrarlana bilər – Simonyan

1999-cu ildə baş vermiş terror aktı təkrarlana bilər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan jurnalistlərə açıqlamasında deyib ki, 1999-cu ildəki terror aktı ərəfəsində baş verən hadisələr hazırda baş verən proseslərdən nisbətən az əhəmiyyətli idi.

Spiker deyib ki, 24 il bundan qabaq baş vermiş cinayətdə iştirak edənlər və onların motivləri bəllidir, təkcə cinayətkarların məsuliyyətə cəlb edilməsi qalır.

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup cinayətkar parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Cinayəti törədən dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı həmin dövrdəki Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülüb. Terrorçuların məhkəməsi 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrına qədər davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.

İndiyə qədər terror aktının əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.