“Bu, Azərbaycan tamaşaçısını aşağılamaqdır” – “Çağırılmamış qonağ”ın biabırçılığı

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli televiziya verilişlərinin utancverici vəziyyətdə olduğunu bildirib. TV-lərlə bağlı davamlı olaraq tənqidi fikirlər səsləndirilsə də, yazılsa da problem həllini tapmır. Hələ 2008-ci ildə Prezident Aparatının (PA) ovaxtkı rəhbəri Ramiz Mehdiyev də televiziyaları sərt tənqid edən məqalə yazmışdı. Həmin vaxt sadəlövhcəsinə deyilirdi ki, “yaxın vaxtlarda telekanallarda ciddi islahatlar aparılacaq”. Lakin vəziyyət hələ də dəyişməyib.

Maraqlıdır, evimizin “çağırılmamış qonağı” olan biabırçı verilişlərlə bağlı hansı tədbirlər görülməlidir?

Mövzunu Globalinfo.az-a şərh edən tanınmış jurnalist, Axar.az saytının baş redaktoru Anar Niftəliyev Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşovun “yaradıcı verilişlər hazırlayacağıq, amma heç kim baxmayacaq” sözlərini xatırladıb:

“Baxın, düşüncə tərzi budur, elə bilirlər, yalnız səviyyəsiz verilişlərlə kütləvilik qazanmaq olar. Bu həm də Azərbaycan tamaşaçısına hörmətsizlik, onları aşağılamaqdır. “Böyüklər” hələ də başa düşmək istəmirlər ki, tamaşaçının zövqünü korlayan, onları aşağı səviyyəli verilişlərə baxmağa möhtac qoyan onlardır. Heç bir alternativ təklif etmədən tamaşaçını Zaurların, Baxşəliyevaların öhdəsinə buraxmağın, bütün günü yemək bişirib, efirdə yalnız lağ-lağı etməyin ictimai və sosial fəsadlarını dərk etmək istəmirlər. Bunlar başa düşmürlər ki, xanımın hüququnu 3 minlik telefon tələb etməklə məhdudlaşdıran “psixoloq”u efirə verib, sosial şəbəkələrdə “trend”ə çevirmək təkcə efirin evini yıxmaq deyil, həm də cəmiyyətin dayaqlarını sarsıtmaqdır”.

Anar Niftəliyev

Jurnalist tamaşaçıya səviyyəli verilişin çatdırılmasının tərəfdarı olduğunu bildirib:

“Bu baxış dəyişməlidir, Azərbaycan tamaşaçısı-oxucusunun necə yüksək səviyyədə olduğunu anlayan peşəkarlar televiziyalarda layihələrə başlamalıdır. Onda görəcəklər, “yaxşı” dedikləri səviyyəli verilişlər necə baxımlı olur”.

Zaira Akifqızı
Globalinfo.az