1920-ci il xəritələri masada: Bakının əsas tələbi budur

Ekspertlər bildirirlər ki, Azərbaycan 1920-ci il xəritələrində yer alan tarixi ərazilərə qayıtmağı hədəf götürüb, amma topla, tankla yox, qanuni yolla. Prezident İlham Əliyev də çıxışlarında Göyçə, Zəngəzur və İrəvanın Azərbaycanın tarixi torpaqları olduğunu deyir və insanlarımızın öz dədə-baba yurdlarına qayıtmasının zəruriliyinə diqqət çəkir.

Qabil Hüseynli 

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı gec-tez baş tutacaq:

“Azərbaycan heç bir dövlətin beynəlxalq hüquqla tanınan ərazilərinə haqq iddia etmir. Buna Ermənistan da daxildir. Bəli, Göyçə, Zəngəzur və İrəvan Azərbaycanın tarixi torpaqlarıdır, lakin hazırda buralar Ermənistanın beynəlxalq hüquqla tanınan əraziləridir.

Azərbaycan bu ərazilərə haqq iddia etməsə də, Qərbi azərbaycanlıların ora qayıtmaq hüququ var. Buna Ermənistan tərəfi mane ola bilməz. Azərbaycan Qarabağ ermənilərinə istədikləri zaman qayıda biləcəyini dediyi kimi, Ermənistan da Qərbi azərbaycanlıların qayıdışına icazə verməlidir.

Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışı bu tezlikdə mümkün görünmür. Çünki Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb. Sülh sazişi imzalandıqdan sonra bu məsələ iki ölkə rəsmiləri arasında müzakirə ediləcək”.

Turan Rzayev
Globalinfo.az