foto

Laçın rayonundan yayılan görüntülər narahatlıq yaradıb. Belə ki, bir vətəndaş mağarada qorxunc heyvanla rastlaşıb və bunu mobil telefonla çəkərək sosial şəbəkələrdə paylaşıb. Kadrlarda görünən naməlum məxluq müzakirələrə səbəb olub.

Sözügedən heyvan hansı növə aid ola bilər? Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə fauna, flora ilə bağlı tədqiqat, invertarizasiya aparılırmı?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, görüntülərdəki heyvan zolaqlı kaftardır:

“Kaftarların iki növü var: xallı və zolaqlı. Xallı kaftar, əsasən Afrikada geniş yayılıb, dayanıqlı növdür və leş yeməklə qidalanır, eyni zamanda sürü halında ov və iri heyvanlara da hücum edə bilirlər. Zolaqlı kaftar isə Azərbaycanda nadir rast gəlinən növdür. Sonuncu dəfə 2000-ci illərdə Alazan vadisi, Axar-Baxar silsiləsində ləpiri tapılıb, habelə Şabran rayonu Leyti kəndi yaxınlığında görüntüləri qeydə alınıb. Hazırda onun ölkədə mövcudluğu barədə dəqiq bilgi yoxdur. Zolaqlı kaftar bir vaxtlar Azərbaycanın “Qırmızı Kitabı”nda Turan pələngi ilə yanaşı yer alsa da, sonrakı – ikinci və üçüncü nəşrlərdən çıxarılıb. Bunun əsas səbəbi isə uzun müddət bu növ barədə hər hansı məlumatın qeydə alınmamasıdır. Çünki zolaqlı kaftar gecə aktiv olur. Populyasiyanın azalmasının əsas səbəbləri aktiv heyvandarlıq, çoban itləri və canavarlarla rəqabət, həmçinin təbii yem resurslarının azalmasıdır. Əlavə olaraq, əhali arasında bu heyvanın “goreşən” kimi tanınması və yanlış olaraq təqibə məruz qalması da sayının azalmasına gətirib çıxarıb”.

arzu

Arzu Mustafayev

Ekoloq qeyd edib ki, zolaqlı kaftar əsasən arid zonalarda yaşayır:

“Videoda heyvan o qədər yaxından çəkilib ki, ətraf ərazi görünmür və onun Laçında olması inandırıcı deyil. Çünki işğaldan azad edilən ərazilərdən arid zonalar Zəngilan, Qubadlı, CəbrayılFüzuli bölgələrini əhatə edir. Laçın isə dağlıq ərazi olduğu üçün bu növün orada olması ehtimalı azdır. İşğal olunmuş ərazilərdə ekoloji monitorinqlər aparılmır, minalanmış ərazilər, zəif ekoloji nəzarət və resurs çatışmazlığı biomüxtəlifliyə ciddi təsir göstərir. Bu səbəbdən “Qırmızı Kitab”a düşmüş heyvan növlərinin qanunsuz ovlanması və sosial şəbəkələrdə videoların paylaşılması ara-sıra müşahidə olunur”.

Ləman İmran
Globalinfo.az

Paylaş: