Bakı və İrəvan razılığa gələ bilmir – Ən kritik düyün nöqtəsi budur

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində anklav və eksklavlar məsələsinə toxunub.

Sitat:

“Azərbaycan 8 kənd məsələsini qaldırır, biz də öz növbəmizdə deyirik ki, bizim 8 kənd problemimiz var, çünki Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilərimiz var.

Anklavlar mövzusunun müzakirəsi sadə səbəbdən qaçılmazdır, çünki 29 800 kvadrat kilometr əraziyə Artsvaşen də (Başkənd – red.) daxildir. Kim anklavlardan danışırsa, masanın üstünə bu anklavların mövcudluğunun nəyə əsaslandığını göstərən xəritə qoysun. Bu, sadə sual deyil”.

Aydındır ki, anklav və eksklavlar Ermənistanla Azərbaycan arasında həllini gözləyən əsas məsələlərdəndir. Tərəflər bu məsələdə fərqli fikirlərə malikdirlər.

Rəsmi Bakı Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Bağanıs Ayrım, Xeyrimli, Qızıl Hacılı və Sədərək, rayonunun Kərki kəndlərinin sülh prosesi çərçivəsində qaytarılmasını tələb edir. Azərbaycan bu kəndləri Ermənistanın işğal prosesinin bir parçası sayır.

Ermənistan tərəfi isə öz növbəsində yuxarıda qeyd edilən Tavuş rayonunun Ayqehovit(Uzuntala) Vazaşen(Lələkənd) Berkaber(Bibiş) Artsvaşen də (Başkənd) kəndlərini tələb edir.

Bakı və İrəvanın anklav-eksklav mövzusunda ortaq məxrəcə gələ bilməməsi, başda sərhədlərin delimitasya və demarkasiyası olmaqla digər məsələlərin də həllini gecikdirir.

Beynəlxalq təcrübəyə görə, anklav və eksklav problemi iki cür həll edilir:

1. Ölkələrin qarşılıqlı şəkildə anklav və ekslavlardan imtina etməsi;

2. Ölkələrin qarşılıqlı şəkildə anklav və eksklavları mübadilə etməsi.

Prinsip etibarilə həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirib. Yəni iki ölkə arasında əsas prinsipial məsələ həllini tapıb. İndiki məqamda bunun rəsmi sənəd kimi imzalanması lazımdır. Bu həm də tərəflər arasında ilkin sülh sazişi kimi qiymətləndirilə bilər.

Əgər Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirən sənədə qol çəksə, sərhədlərin delimitasiya və demarkasiya məsələsi, habelə bunun tərkib hissəsi olan ankalv və ekslavlar problemi həllini tapa bilər. Yəni 29 800 kvadrat kilometr əraziyə daxil olan anklav və eksklavlar Ermənistana, 86 600 kvadrat kilometr ərazinə daxil olan anklav və eksklavlar isə Azərbaycana qaytarıla bilər.

Turan Rzayev
Globalinfo.az