1695726013.9233

Qarabağdan köçən erməni sakinlərin, xüsusilə də yaşlıların Azərbaycan və azərbaycanlılar haqda xoş sözlər deyib öz millətlərini pisləməsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Bir çox şəxslərin fikrincə, bu, növbəti erməni riyakarlığıdır.

Bəs mütəxəssislər nə düşünürlər?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, Qarabağdan köçən ermənilərin azərbaycanlılar haqda xoş söz deməsi təbii haldır:

mail yaqub

Mail Yaqub

“Kimsə o erməniləri bizi tərifləməyə məcbur etmir, tam sərbəst şəkildə fikirlərini deyirlər. Bəs niyə bizi tərifləyirlər ? Cavab aydındır! Çünki bizim millət onlara qarşı hər zaman mərhəmətli olub. Tək onlara qarşı yox, bütün millətlərə qarşı mərhəmətli davranırıq. Nümunəsini bir daha gördük: polisimiz tıxacda qalanlara su, yemək verir. Onlar özləri bizim millətin yüksək mədəniyyətini dərk edirlər”.

Sosioloq bizim kimlərəsə savaş açmadığımızı bildirib:

“Biz qonşularımızla daim mehriban olmuşuq. Bu, bizim milli-mənəvi dəyərlərimizdən irəli gəlir. Bu gün onların kütləvi şəkildə Qarabağdan köçməsi də panikadan qaynaqlanır. Ölkə rəhbərliyi dəfələrlə elan edib ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlarıdır, qalıb yaşaya bilərlər”.

Psixoloq Orxan Oruc isə deyib ki, hər bir millətin özünəməxsus psixologiyası var:

orxan oruc 1343

Orxan Oruc

“Ermənilər olduqları yerə, şəraitə, vəziyyətə uyğunlaşmağı bacarırlar. Onlardan müsahibə alan insanın azərbaycanlı olduğunu bildiklərinə görə də qoruma instinktinin təsiri altında fikirlərini bu formada çatdırırlar. Əmin olun ki, eyni sualı erməni, amerikalı və ya fransalı jurnalist versə, tamamilə başqa bir görüntülərin şahidi olardıq. Hər millətin özünüqoruma instinkti olduğu kimi, ermənilərin də özünüqoruma bacarığı mühitə uyğunlaşmaqla bağlıdır”.

Psixoloq deyib ki, ermənilər belə davranmadıqları təqdirdə məhv olacaqlar:

“Ona görə də müsahibə zamanı öz millətlərinin əleyhinə rahat şəkildə danışırlar. Amma danışıqları ilə əməlləri üst-üstə düşmür. Sözdə azərbaycanlılarla birlikdə yaşamağı bacardıqlarını desələr də, nəticədə Qarabağı tərk edirlər. Bu da onu göstərir ki, öz dediklərinə inamları yoxdur.

Bəlkə də onlar vicdanları ilə baş-başa qalanda başa düşürlər ki, azərbaycanlılara qarşı etdikləri zülmlər haqlı davranış olmayıb. İnsan da haqsız olduğunu anlayırsa, istər-istəməz cəzalanacağını bilir və uzaqlaşmağa üstünlük verir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: