Yevlax görüşündən nə gözlənilir? – Politoloqdan versiya

Qarabağın erməni sakinlərinin nümayəndələrinin Yevlaxda danışıqlara gəlməsi hazırda ölkənin əsas gündəm mövzusudur. Hər kəs bu görüşün necə nəticələnəcəyini gözləyir.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Azərbaycanın tələbləri hər kəsə məlumdur:

“Çox güman ki, ermənilər başqa tələblər irəli sürəcəklər. Status istəyə bilərlər, hətta bəlkə, bir az irəli gedib Qarabağ üçün muxtariyyətin bərpasını istəyəcəklər. Belə şərtlərlə danışıqları uzatmağa çalışacaqlar. Orada qanunsuz silahlı birləşmələr var və onlar özlərini buraxmalı, reinteqrasiya məsələsi razılaşdırılmalıdır. Dünən ölkə başçısı da çıxışı zamanı hər şeyi açıq şəkildə dedi. İnanmıram ki, onların başqa bir tələbi nəzərə alınsın”.

Politoloq vurğulayıb ki, qəti şəkildə ermənilərə güvənmək olmaz:

“Biz ayıq-sayıq olmalıyıq. Özü də belə bir ərəfədə. Hər şeyi danışıb bitirməliyik. Yenidən təxribata cəhd göstərsələr, ən ağır formada cavablarını alacaqlar. İnanmıram, bundan sonra ermənilər özbaşınalıq edə bilsinlər. Danışıqların nəticəsini gözləyək”.

Zaira Akifqızı
Globalinfo.az