İctimai fəal Nilufər Lətif: “JEK evimi qanunsuz yolla satıb”

“Bizim ardıcıllıqla yerləşən üç evimiz var və hər birinin nömrəsi 33-dür. Amma mənzillərin sayğacı, qapısı ayrıdır. Hətta sayğaclar hələ də rəhmətlik atamın adınadır.  Qardaşım 2019-cu ildə evi satmaq fikirinə düşdü, lakin razı olmadım. Həmin vaxt valideynlərim artıq dünyasını dəyişmişdi. Evimizdə qardaşım da, mən də qeydiyyatda idik. Bir gün qardaşım məndən xəbərsiz Nərimanov rayonunun JEK rəisi Yusif İbrahimova təklif edib ki, 8500 manat verirəm, kömək et, bu evi sataq. JEK-dən isə bildiriblər ki, yalnız evin nömrəsini dəyişsək satıla bilər. Onlar da 33-ü 34 ediblər”.

Bu sözləri Globalinfo.az-a şikayətində ictimai fəal Nilufər Lətif deyib.

O, evin nömrəsi dəyişdirildikdən sonra qanunsuz şəkildə satıldığını bildirib:

“Evi “alan” adam deyir ki, guya qardaşıma 48 min manat pul verib. Qardaşım isə ondan 10 min manat aldığını, onun da 8500 manatını JEK-ə ödədiyini bildirir. Amma həmin şəxslər 48 minlə bağlı ortaya heç bir sübut belə qoya bilmirlər. XXI əsrdir, hansı dövrdəyik ki, insan-insana heç bir şahid, notarial sənəd olmadan 48 min pul verə?! Maraqlıdır, kim JEK-in rəisinə icazə verib ki, səlahiyyəti olmadan mənim evimin rəqəmini icazəsiz dəyişsin?!”

N.Lətif məsələ ilə bağlı iki dəfə Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyini bildirib:

“Hər iki məhkəməni də mən qazandım. Lakin Apellyasiya Məhkəməsi nədənsə JEK-in xeyrinə qərar verdi. Təsəvvür edin ki, yerli icra hakimiyyəti JEK-in işçisinə bu hərəkətinə görə töhmət verir, amma üst məhkəmələr onun xeyrinə qərar çıxarır. Eyni zamanda icra hakimiyyəti evimin nömrəsinin dəyişdirilməsinin qanunsuz olduğuna dair arayış da verib. Amma nə bəladırsa, məhkəmə yenə gəlir o adamı çıxarır. Əlimdə sənədim-sübutum olduğu halda haqsız vəziyyətə düşürəm. Bütün qonşular da şahidlik edir, mənim haqlı olduğumu bildirir, yenə nəticə olmur. Hətta deyirlər ki, guya ora hər zaman 34 olub, mən o evdə yaşamamışam. Əlimdə illərdir ödəniş etdiyim qəbzlər qalır”.

N.Lətif daha öncə Y.İbrahimova evin satılmaması ilə bağlı müraciət etdiyini bildirib:

“Evin nömrəsi dəyişdirilməmişdən öncə dəfələrlə Yusif bəyə gedib tapşırdım ki, birdən Aqil (qardaşı) gəlib desə ki, evi satır və ya satılması ilə bağlı kömək istəyir, ona heç bir yardım göstərməsin. Çünki mən o evin satılmağına razı deyiləm. Dedi ki, nə danışırsınız Nilufər xanım, mən elə şey edərəm?! Amma adam 8500 manata şirniklənib bu işi görüb”.

Məsələ ilə bağlı Globalinfo.az adı çəkilən JEK-in keçmiş rəisi Yusif İbrahimovla əlaqə saxlayıb.

O, hazırda məzuniyyətdə olduğunu və qayıtdıqdan sonra açıqlama verəcəyini bildirib.

Həmin sənədləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az