Deputatın istefasından əvvəl nə yaşanıb? – Şuradan açıqlama

“Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuradan (İŞ) istefa vermək Etibar Əliyevin hüququdur”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deputat Etibar Əliyevin Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən istefa verməsi haqda danışarkən deyib.

O bildirib ki, İctimai Şura üzvlərinin hansı və nə zaman görüşün təşkil olunması ilə bağlı müraciət edibsə, bunu həyata keçiriblər:

“Buna baxmayaraq, 1 il 7 ay ərzində Etibar müəllim heç vaxt hansısa müzakirə və ya mövzu ilə bağlı mənə müraciət etməyib. Yalnız sonuncu onlayn görüşdən sonra status məsələsini gündəmə gətirdi. Mən Etibar müəllimin ETN-dəki hər hansı prosesi tənqid etməsi ilə bağlı problem görmürəm. Əksinə, İctimai Şura olaraq bu məsələni birlikdə müzakirə edə bilərdik. Problemi onda görürəm ki, bu, şəxsi ədavətə çevrilib və yalnız nazirin üzərində qurulmuş bir kampaniyaya başlayıb. İŞ haqqında qanunda təmsil olunduğun qurumda “dava etməlisən” deyə bir müddəa yoxdur. Narazılıq varsa, biz bunu müzakirəyə çıxarmalıyıq”.

Günel Səfərova

G.Səfərova deyib ki, E.Əliyev baş verənləri daha çox şəxsi zəminə çəkib:

“E.Əliyev statusunda qeyd edib ki, guya nazir İŞ-nin iclaslarında iştirak etmir. Nazir niyə bizim iclaslarımızda iştirak etməlidir ki?! Axı biz müstəqil qurumuq. Baş verən prosesləri özümüz müzakirə etməliyik.

Bir məsələni də qeyd edim ki, çalışdığımız 1 il 7 ay ərzində cənab nazirlə dörd dəfə görüşümüz baş tutub. Heç bir İctimai Şura mərkəzi qurumun rəhbəri ilə bu qədər tezliklə görüşmür. Emin Əmrullayev ictimaiyyətə açıq adamdır, bəlkə də ondan çox press konferensiya keçirən yoxdur”.

G.Səfərovanın sözlərinə görə, Etibar Əliyev qurumu nazirin onlara təsir göstərməsində günahlandırıb:

“Üzvlərimizin cənab nazirlə nəinki görüşdən, heç iclasın nə vaxt keçiriləcəyindən də xəbəri olmur. Bu günə kimi bir dəfə də olmayıb ki, nazirlik tərəfindən bizə “bunu belə etməyin, elə edin” deyilsin. Deyilənlər çox absurddur. Kimsə sosial şəbəkə qəhrəmanı olmaq istəyirsə, yolu açıq olsun!”

Qeyd edək ki, deputat Etibar Əliyev Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən istefa verib.

Zaira Akifqızı
Globalinfo.az