Nazir elə söz deməyib, fikri kontekstdən çıxarılıb – Qalmaqal

***
10.07.2023  18:10

Elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycanda 25 yaşdan yuxarı adamların 60 faizi oxuduğunu başa düşmür” deməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Hətta buna görə naziri tənqid edənlər də var. Naziri xalqı təhqir etməkdə günahlandırırlar.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu nazirin çıxış etdiyi tədbirdə iştirak etdiyini bildirib:

“Əminliklə deyirəm ki, nazirin o sözü kontekstdən çıxarılıb. Ümumiyyətlə, adam dil və ədəbiyyatdan, onun yazılışlarından, dərsliklərdəki mətnlərdən danışırdı. Sadəcə, dedi ki, “yeni öyrənmə üsulu əzbərçilik yox, məntiqi anlama üsuludur”. E.Əmrullayev bunu izah edirdi. Yəni insanlar əzbərdən oxumaqla mətni dərk edə bilmədiklərinə görə çalışıb mətnin dərkinə yönəlsinlər. Onsuz da reallıq bundan ibarətdir ki, əgər sən bir mətni sürətli oxusan, heç nə anlamayaqcaqsan. Sürətlə oxuduğun mətni dərk edə bilmək üçün gərək adam super talanta malik olsun”.

Ş.Xuduoğlu deyib ki, sözü kontekstdən çıxamaq yanlış addımdır:

“Nazirin dediklərini bu şəkildə qələmə vermək doğru yanaşma deyil. Bu addım diqqəti başqa tərəfə yönəltmək üçün atılıb. Kontekstdən çıxarılmış fikirləri yayanlar diqqəti imtahan prosesinə yönləndirmək istəyənlərdir. İmtahan prosesinə kim mane olmaq istəyirsə, onlar da kontekstdən çıxarılmış müxtəlif məqamları yaymağa çalışırlar”.

Zaira Akifqızı
Globalinfo.az