“Leyboristlərin 14 ildən sonrakı tarixi qələbəsi şübhəsiz ki, rəsmi Londonun siyasətində özünü büruzə verəcək”.
Bu sözləri Globalinfo.az– a politoloq Zeynal Əmirəliyev 14 il aradan sonra İngiltərədə keçirilən parlament seçkilərində Leyboristlər Partiyasının qələbə qazanmasını şərh edərkən deyib.
Politoloq bildirib ki, böyük dəyişiklik olmayacaq, akin bir sıra əməli dəyişiklərə şahidlik edəcəyik:
“Mühafizəkar hökumət miqrantlara bağlı sərt tədbirlərə əl atırdı, ancaq leyborist hökumət bu məsələdə bir sıra güzəştlərə gedəcək. Orta və aşağı sinfin vəziyyətini yaxşılaşdırmaq üçün böyük şirkətlərin vergiləri çoxaldıla bilər. Yeni hökumətin təməl hədəfi həmkarlar ittifaqı ilə işləmək olacaq.
Məlum olduğu kimi İngiltərə qədimdən həmkarların güclü olduğu ölkədir. Leyboristlər məktəblərdə şagirdlərin vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra islahatları nəzərdə tuturdu. Eyni zamanda bölgələrdə insanların sosial rifahını təmin etmək üçün yerli bələdiyyələrlə sıx əməkdaşlıq ediləcək. Məsələn, biz mühafizəkarların dövründə bunu görə bilməzdik. Onlar daha çox mərkəzi hakimiyyətin güclənməsinin tərəfdarlarıdır”.

Zeynal Əmrəliyev
Z.Əmrəliyevin sözlərinə görə, daxili siyasətdə biz əsasən sosial problemlərin həllinin şahidi olacağıq:
“Mühafizəkaların hakimiyyətinə son verən daha çox bu amil oldu. 14 il ərzində bir-birini dəyişən baş nazirlərin heç biri ölkədə getdikcə ağırlaşan sosial-iqtisadi böhranı həll edə bilmədi. Leyboristlər bu kimi mövzularda hər zaman yaxşıdır. Onların aydın, orta və aşağı sinfinin mənafeyinə xidmət edən iqtisadi proqramları olur.
Xarici siyasətdə elə bir dəyişiklik gözləmirəm. Bundan başqa Ukrayna, BRICS və Cənubu Qafqazla bağlı siyasət demək olar ki, eyni şəkildə davam edəcək. Rusiya ilə müəyyən yumşalma ola bilər. Elə buna görə də Ukraynaya Londondan verilən dəstək bir qədər zəifləyə bilər.
Ümumilikdə Avropada son günlər keçirilən seçkilərin nəticələri, xüsusilə Fransa və İngiltərədəki seçkilər Ukrayna üçün yaxşı nə isə vəd etmir. Avropa dövlətlərinin Rusiya ilə yaxınlaşması antiputin ittifaqının çat verməsinə səbəb olur ki, bu da Ukraynanın vəziyyətini olduqca ağırlaşdıran amildir”.
Turan Rzayev
Globalinfo.az