13 il əvvəl törədilmiş cinayətin üstü açıldı

Azərbaycanda 13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb.

Belə ki, 16 fevral 2010-cu il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətinə gedən torpaq yolda “Daevoo Neksia“ markalı avtomobilin sükanı arxasında 1953-cü il təvəllüdlü rayonun Yeniabad kənd sakini Məhərrəm Kamil oğlu Həsənovun baş və bədən nahiyəsində çoxsaylı xəsarətlər olan meyitinin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılsa da, cinayəti törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnmiş və həyata keçirilmiş kompleks istintaq və əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonunun Yeniabad kənd sakini Turab Malik oğlu Vəliyevin 15 fevral 2010-cu il tarixdə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Məhərrəm Həsənovun idarə etdiyi avtomobillə Gəncə şəhərinə getməsi, bir neçə saat sonra yaşadıqları kəndə birlikdə qayıdarkən göstərdiyi taksi xidməti müqabilində ona ödəniş etməyəcəyini bildirməsi, həmin vaxt aralarında baş vermiş mübahisə zamanı avtomobilin içərisində Məhərrəm Həsənova deşici-kəsici alətlə çoxsaylı zərbələr endirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Turab Vəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilib.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.