Nərminin qatili kimdir: onlar həqiqəti bilirlər! – Hüquq müdafiəçisi

“Hazırda biz də 10 yaşlı Nərminin əsl qatilinin üzə çıxarılması istiqamətində çalışırıq”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilərək 18 il müddətinə həbs cəzasına məhkum edilən İlkin Süleymanovun qatil olduğuna inanmaması haqda danışarkən deyib.

O bu işdə sona qədər gedəcəklərini bildirib:

“Nərmin məsələsi ilə bağlı Prokurorluqla, Ali Məhkəməyə yeni seçilən sədr İnam Kərimovla, Vilayət Eyvazovla da görüşməyi düşünürük. Hamısı ilə görüşüb bu işin sonuna çata bilərik. Çünki İlkin Süleymanovun vəkilləri, qohumları, gördüyümüz videolar hamısı onun günahsız olduğunu təsdiq edir. Dəqiq araşdırma aparılmalıdır.

Bizə İlkini həbs etmək üçün tutarlı sübut gətirsinlər, əgər doğrudan da bu adamın günahı varsa, vallah, 18 il yox, lap ömürlük həbs cəzası versinlər. Amma sübut yoxdursa, dediyim kimi, axıra qədər getmək lazımdır ki, onun günahsız olduğunu cəmiyyətə çatdıraq və əsl qatilin kim olduğunu açıqlayaq”.

N.Cəfəroğlu deyib ki, İ.Süleymanovun günahkar olduğuna dair ortada əsaslı sübut yoxdur:

“İlkinin üzündən də görünür ki, o, günahsızdır. Nərminin ailəsinin isə özünü aparması çox şübhəlidir. Onlar nələrsə bilir, amma gizlədirlər. Hüquq müdafiəçiləri və digər insanlar bu prosesdə çox şeyə fikir veririk. Adamın səhvi olsa, çoxdan boynuna almış olardı. Hər kəs bu məsələyə şübhə ilə yanaşır. Hətta millət vəkilləri də İlkinin işinə tez bir zamanda təkrar baxılmasını istəyirlər”.

Zaira Akifqızı
Globalinfo.az