150 nəfərlə Əsgərana girdi, Şuşa planını hazırladı…

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasından 31 il ötür.

Globalinfo.az xatırladır ki, Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdam şəhərində anadan olub. 1965-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. Onun müxtəlif idman növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında böyük rolu olub.

A.Bağırov həm də “Qarabağ” futbol klubunda məşqçi kimi fəaliyyət göstərib, Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib. O, Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

Qeyd edək ki, Müstəqil Azərbaycanın Bayrağını Ağdama ilk dəfə Allahverdi Bağırov sancıb.

1 oktyabr 1991-ci ildə onun və qardaşı Eldar Bağırovun komandirliyi altında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri yaradılıb.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəkliklər tutulub, Kətük kəndi ilə üzbəüz mövqe qurulub. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” adına mükafata layiq görülüb.

1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat verirlər ki, ayın 8-də Şuşa işğal olunacaq. O da həmin məlumatı bütün dövlət qurumlarına çatdırır. Həmin ay Bağırov qərargaha beş əsgəri çağırtdırıb birlikdə plan hazırlamağa başlayıb.

1992-ci il 12 iyunda onun batalyonunun səyi nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edilib. Onun Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyitləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub.

Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub.

1992-ci ilin 12 iyunda təcili iş üçün Ağdama geri çağırılan Allahverdi Bağırovun olduğu avtomobil Naxçıvanikdən geri qayıdarkən minaya düşür, maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə ilə birlikdə həlak olurlar.

Allahverdi Bağırov qaradaşı Eldar Bağırovun yanında – Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov “Qızıl Ulduz” medalı ilə təltif olunub.

1992-ci ildə komandir Mətləb Mustafayev onun adına Artilleriya divizionu yaradıb, Ağdamın Quzanlı qəsəbəsinin girəcəyində adına barelyef qoyulub.

31 may 2012-ci ildə Niderlandın Qroningen şəhərinin “Noorderlicht” rəsm qalereyasında holland fotoqraf Dirk Yan Visserin “Offsayd, Sürgündə olan futbol” adlı fotoşəkillərinin sərgisi və eyniadlı kitabın təqdimatı Allahverdi Bağırovun həyatından bəhs edir.

25 fevral 2014-cü ildə Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılıb. Həmin ilin iyun ayında Quzanlı qəsəbəsindəki Ağdam Dram Teatrında Allahverdi Bağırova həsr edilmiş “Qartal qamətli qəhrəman” sənədli filmlərinin təqdimat mərasimi keçirilib.

Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var.

Zaira Akifqızı
Globalinfo.az