“Parlament üzvləri də, ekspertlər də populist çıxışlar deyil, real və peşəkar yanaşmalara söykənən tədqiqatlar aparıb, təkliflər verməlidirlər. Bunun üçün onlarda peşəkarlıq olmalıdır, amma təəssüf ki, bir çox deputatlarımızda bu çatışmır”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı alim Elşad Məmmədov deputat Musa Quliyevin büdcə təşkilatlarında son yaş həddinin 70-ə qaldırılması, deputat Tahir Kərimlinin isə pensiya yaşının azaldılması haqda çıxışlarına münasibət bildirərkən deyib.
O, hər kəsin yüksək təqaüd almasının tərəfdarı olduğunu bildirib:
“Mən də istəyərəm ki, hər kəs 50 yaşdan təqaüdə çıxsın və dövlət o insanların rahat yaşaması üçün ödənişlər etsin. Amma reallıq və iqtisadiyyatın bir strukturu var. Hər bir ölkənin iqtisadi sistemi, sosial müadafiə sistemi iqtisadiyyatı ilə mütənasiblik təşkil etməlidir.
Elşad Məmmədov
Əgər deputatlar vətəndaşlarımızın yüksək pensiya almasını, daha tez təqaüdə çıxmasını, dövlətdən daha çox müavinət almasını istəyirlərsə, o zaman müvafiq qanunvericilik bazası işlənilsin ki, iqtisadiyyatımız heç olmasa illik 15 faizlik investisiya artımı görə bilsin”.
İqtisadçı deyib ki, sosial müdafiə sisteminin inkişaf etməsi üçün iqtisadiyyatın imkanları artmalıdır:
“İqtisadiyyatın imkanlarının artması üçün isə investisiyalar çoxalmalıdır. Hələ də deputatlarımızdan investisiya artımı ilə bağlı təklif və ya real mexanizm görməmişəm, bir fikir eşitməmişəm. Bu gün kimdən soruşsanız, pensiya yaşının azalmasının tərəfdarı olduqlarını deyəcək, amma bunun arxasında iqtisadiyyat dayanmalıdır.
Biz bu gün neftin qiymətinin yüksək olduğunu deyirik və təqaüdün daha çox olmasını istəyirik. Lakin elə etməliyik ki, ilk növbədə neft gəlirlərini investisiyalar şəklində ölkə iqtisadiyyatına yatıraq, daha çox məhsul istehsal edək, yeni iş yerləri açaq. Sizi əmin edirəm ki, bizdə iqtisadi inkişaf şaxələndirilmiş şəkildə olsa, pensiyaya meyil də azalacaq. Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır, amma biz artsın-azalsın deyə populist çıxışlar eşidirik”.
Zaira Akifqızı
Globalinfo.az