Yaponiyanın Tiba prefekturasında günlərlə davam edən güclü leysan yağışları genişmiqyaslı daşqınlara səbəb olub.
Globalinfo.az xəbər verir ki, təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib, daha bir nəfərin axtarışları davam edir.
Daşqınlar nəticəsində 1256 bina və 1200 avtomobilə ziyan dəyib, bir sıra yollar dağılıb.
Bir çox ərazidə elektrik və su təchizatında problemlər yaranıb, dəmir yolu nəqliyyatının işində də fasilələr qeydə alınıb. Fəlakət ümumilikdə regionun 22 şəhər və qəsəbəsinə təsir göstərib.
Məlumata görə, Tiba şəhərində cəmi yarım gün ərzində düşən yağıntının miqdarı avqust ayının orta aylıq göstəricisindən təxminən üç dəfə çox olub.
Güclü yağışlar səbəbindən 100-dən çox sakin müvəqqəti sığınacaqlara yerləşdirilib, yüzlərlə insan daşqından zərər çəkib.
Yaponiya Meteorologiya Agentliyi əlverişsiz hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq edib.
Qurum xüsusilə daşqın və torpaq sürüşməsi təhlükəsinin yüksək olduğunu bildirib.
Qeyd edək ki, güclü yağışlar avqustun 13-dən etibarən Tiba prefekturasında ciddi vəziyyət yaradıb. Yağıntılar zamanı regionda rekord göstəricilər qeydə alınıb və minlərlə insan nəqliyyatın dayanması səbəbindən yollarda və hava limanında qalıb.