Həbs edilən “Drakon” haqda daha bir təsirli fakt…

“Rza kimi dövlətçi, millətçi, saf və təmiz oğlanın həbs olunması yanlış addımdır. Siz onun kor-kobud, idmançı bədəninə, uca boyuna baxmayın. Ürəyi uşaq ürəyi kimi çox yumşaqdır, kövrəkdir. İndi kimsə səhv edib onu özündən çıxarıb, affekt vəziyyətinə salıb deyə adam həbs edərlər?! Bunun yüngülləşdirici tərəfi olmalıdır”.

Bu sözləri deputat Aqil Abbas Globalinfo.az-a açıqlamasında deyib.

O, R.Rzayevin Qarabağ haqda film çəkmək üçün evini satması haqda maraqlı bir faktı açıb:

“Rza Türkiyədə Hollivud məktəbini bitirib, savadlı rejissordur! O kişi evini satıb, Qarabağ haqqında “Geyinilməmiş ayaqqabılar” filmini çəkib, özü də evsiz qalıb. Bu adamı ortada cinayət olmadığı halda necə təqsirləndirə bilərsən?! İnanıram ki, Ali Məhkəmədə bu həbs qərarı ləğv olunacaq. Özüm də bununla bağlı müraciət edəcəm. İstərdim ki, Rzanın azadlığa çıxması üçün Ali Məhkəməyə çox adam müraciət etsin. Xahiş edək ki, bu işə daha ədalətli baxılsın”.

Qeyd edək ki, tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onu Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Zaira Akifqızı
Globalinfo.az