103

Yerli markaya məxsus motosikletlər “Ambucycle” xidməti üçün xüsusi olaraq hazırlanıb.

Globalinfo.az “Yeni Sabah“a istinadən bildirir ki, 10 motosiklet mərhələli qaydada istifadəyə veriləcək və xidmətin nəticələri qiymətləndirildikdən sonra əhatə dairəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdən keçiriləcək.

Bəs bu xidmət necə təşkil ediləcək? Briqada iki nəfərdən ibarət olmalıdır, yoxsa motosikleti idarə edən şəxs həm sürücü, həm də feldşer/həkim rolunu oynayacaq?

“Ambucycle” xidmətində motosikleti idarə edən şəxs təcili tibbi yardım üzrə xüsusi hazırlıq keçmiş feldşerdir.

Bu xidmət modeli üçün seçilən əməkdaşlar əlavə hazırlıq təlimləri keçiblər. Onlar ilkin tibbi yardım və müdaxilə bacarıqlarına, həm də təhlükəsiz motosiklet idarəsi üçün müvafiq sürücülük vəsiqəsinə malikdirlər.

“Ambucycle” motosikletləri təcili tibbi yardımın hadisə yerində ilkin müdaxilə göstərməsi üçün zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub.

Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ACLS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirməsi üçün zəruri tibbi vasitələrlə təmin edilib.

Bu xidmət əsasən pik saatlarda, nəqliyyatın sıx olduğu və hərəkətin çətinləşdiyi ərazilərdə hadisə yerinə operativ çatmağın xüsusi əhəmiyyət kəsb etdiyi çağırışlar üçün nəzərdə tutulub.

Çağırışın xarakteri dispetçer tərəfindən mövcud triaj alqoritmlərinə uyğun qiymətləndiriləcək və müvafiq olarsa, “Ambucycle” hadisə yerinə yönləndiriləcək.

Xidmətin əsas məqsədi kritik vəziyyətlərdə hadisə yerinə ən qısa müddətdə çatmaq və həyati əhəmiyyət daşıyan ilk dəqiqələri maksimum səmərəli istifadə etməkdir.

Motosikletli briqada pasiyentin hospitalizasiyaya ehtiyacı olduğunu müəyyən etdikdə standart təcili yardım avtomobilinin gəlmə prosesi necə tənzimlənməlidir?

Əgər hadisə yerində aparılan ilkin qiymətləndirmə nəticəsində pasiyentin xəstəxanaya təxliyəsinə ehtiyac olduğu müəyyən edilərsə, dərhal standart təcili tibbi yardım avtomobili hadisə yerinə cəlb olunur. Motosiklet briqadası isə ənənəvi təcili tibbi yardım avtomobili gələnə qədərki müddətdə pasiyentin vəziyyətini stabilləşdirmək, həyati göstəricilərini nəzarətdə saxlamaq və zəruri ilkin tibbi müdaxilələri həyata keçirməkdə davam edir. Ambulans avtomobili hadisə yerinə çatdıqdan sonra pasiyentin hospitalizasiyası mövcud tibbi protokollara uyğun şəkildə həyata keçirilir.

Paylaş: