100-dən çox insanı xilas edən İslam mükafatlandırıldı – VİDEO

Martın 22-si Moskvada “Krokus Sity Holl”da törədilən terror aktı zamanı çox sayda insanın həyatını xilas edən İslam Xəlilova Rusiya universitetlərinin birində təhsil almaq üçün qrant verilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əslən qırğızıstanlı olan İslam Xəlilovun mükafatlandırılması ilə bağlı Dövlət Dumasında tədbir keçirilib.

Tədbirdə 15 yaşlı gəncin valideynləri ilə yanaşı Qırğızıstanın Moskvadakı səfiri Gülnara-Klara Samat da iştirak edib.

İ.Xəlilov ona istənilən Rusiya universitetində təhsil almaq imkanının verilməsinə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, “Krokus Sity Holl”un qarderobunda işləyən İ.Xəlilov terror aktı zamanı 100-dən çox insanın həyatını xilas edib.

Sosial şəbəkələrdə ilk olaraq onun azərbaycanlı olduğu bildirilirdi.