Əliyev-Putin görüşü: Moskva artıq Bakının maraqlarını nəzərə almağa başlayıb – Şərh

“Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya lideri Vladimir Putinin Bişkek görüşünü ümumilikdə müsbət qiymətləndirirəm. Putinin verdiyi mesajlar onu deməyə əsas verir ki, Moskva artıq Bakının maraqlarını nəzərə almağa başlayıb. Bu isə əlbəttə hər şeydən əvvəl Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilməlidir”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Kənan Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekə səfəri və səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin ilə görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan görüşdə iştirak etməməklə özünün destruktiv mövqeyini göstərdi:

Kənan Novruzov

“Başqa vaxt sülhə sadiq olduğunu deyən Ermənistan hökumət başçısı bunu əməldə göstərmir. İkinci bir tərəfdən, Paşinyan bu addımı ilə öz aləmində Rusiyaya meydan oxumağa çalışdı. Hərçənd bu, mənasız cəhddir.

Düşünürəm ki, Kremlin asanlıqla bölgədən çıxmaq fikri yoxdur. Amma Cənubi Qafqazda yaranan yeni imkanlar Rusiyanı bu reallıqlara uyğun davranmağa məcbur edir. Şimal qonşumuz başa düşür ki, ehtimal edilən sülh müqaviləsindən sonra daha sülhməramlılara ehtiyac qalmayacaq. Bu isə Moskvanın bölgədəki təsir gücünün azalması deməkdir. Amma Rusiya həm də Qərbin, o cümlədən Fransanın bölgəyə soxulmaq cəhdlərini anlayır. Odur ki, təşəbbüskarlığını artırır.

Rusiyanın iştirakı ilə üçtərəfli təmasların intensivləşməsi, yeni fürsətlərin ortaya çıxması, sülh müqaviləsi istiqamətində atılacaq addımlar, o cümlədən müqavilənin imzalanması kənar aktorların fəaliyyətini bloklayacaq. İndiki məqamda Rusiyaya lazım olan da məhz budur.

Xüsusilə indiki məqamda, yəni İrəvanla Moskva arasında “soyuq küləklər”in əsdiyi zamanda hansısa irəliləyişə nail ola bilərik. Rusiya Cənubi Qafqazla bağlı siyasətini dəyişib. Daha doğrusu, reallıqlar olduğu kimi qəbul etməyə, imperialist ab-havadan çəkinməyə məcbur olub. Rəsmi Bakı bundan istifadə edərək maraqlarını təmin edə bilər”.

Turan Rzayev
Globalinfo.az