Əli Nağıyevin anonsunu verdiyi proqram Azərbaycana nə vəd edir?

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev bakalavriat səviyyəsində informasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramının hazırlandığını bildirib.

O bildirib ki, yeni proqram dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssisləri cəlb etməklə Türkiyə, Almaniya, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən ərsəyə gətirilib.

Xüsusilə indiki məqamda bunu əhəmiyyəti nədir? Bunu zəruri edən nə kimi amillər var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhlüəsizlik üzrə ekspert Rəşad Rza bu addımın çoxdan atılmalı olduğunu deyib:

“Bu, çox vacib məsələdir. Elm və Təhsil Nazirliyi, o cümlədən bir neçə xarici qurumun əməkdaşlığı ilə baş tutub. Çox önəmli bir layihədir. Kibertəhlükəsizlik bütün dünya üzrə ən əhəmiyyətli məsələlərdən biridir. Doğrudur, ölkəmizdə illərdir bu istiqamətdə müəyyən forumlar keçirilir, mütəxəssislər yetişdirilir. Lakin bu yetərli deyil. Bizim dünya təcrübəsinə ehtiyacımız var. Bu mövzuda tədris proqramının hazırlanması çoxdan lazım idi. Nəhayət ki, gerçəkləşdi. Məsələ ilə bağlı çox müsbət gözləntilərimiz var. Ümid edirik ki, xalqımız və dövlətimiz üçün faydalı olacaq”.

Ayşən Mustafa
Globalinfo.az