Əli İnsanovun iqtidarı dəstəkləməsinə YAP-dan və müxalifətdən reaksiya

Sabiq səhiyyə naziri Əli İnsanov rəhbəri olduğu Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasında çıxış edib. Onun çıxışı sosial və peşəkar mediada ciddi müzakirələrə səbəb olub. Sabiq nazir bildirib ki, Prezident İlham Əliyev uzun illərdir Qarabağ problemi ilə məşğuldur və o bu məsələni bizim hamımızdan yaxşı bilir: “O, hansı dövlətlə, hansı siyasi rəhbərlə necə əlaqə qurur, onu bu problemin həllinə necə cəlb edə bilir, hesab edirəm, düz edir. Mane olmamalıyıq. Bizlər isə bütün iddialarımızdan bir müddət əl çəkərək bu tarixi şansdan yararlanaraq, problemin həllini Azərbaycanın xeyrinə yönəltmək üçün cənab Prezidentə bacardığımız dəstəyi verməliyik”.

Əli İnsanovun yenidən iqtidar tərəfə keçməsinə münasibət birmənalı deyil.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev deyib ki, Əli İnsanovun fikirlərini təkcə hansısa müxalif partiya liderinin fikirləri olaraq qiymətləndirmək doğru deyil:

Alqış Musayev "Yeni Azərbaycan" qəzetinin baş redaktoru oldu » Missiya.az - Xəbər portalı

Alqış Musayev

“Bu gün onun dediyi ifadələr həm də Azərbaycan ictimaiyyətinin vahid fikridir. Azərbaycanın ümumi ictimai rəyi ondan ibarətdir ki, İlham Əliyev üzərinə düşən tarixi işin öhdəsindən layiqincə gələ bilib. O, bu gün Azərbaycan xalqının gözləntilərini, arzularını doğruldub. Bu gün ictimai rəy bu yöndədir. Ə.İnsanov da öz fəaliyyətində ictimai rəyi nəzərə alıb. Bunda təəccüblü heç nə yoxdur”.

Ağ Partiya sədri Tural Abbaslı isə qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən hər bir partiya öz yolunu, xəttini, mövqeyini özü müəyyən edir:

Fayl:Tural Abbaslı.jpg — Vikipediya

Tural Abbaslı

“Yəni bir partiyanın digəri barəsində rəy bildirməsi doğru deyil. Partiyaların müxalifət və ya iqtidaryönlü olması da onların verəcəyi qərardır.

Əli İnsanovun Haqq Ədalət Partiyasının İdarə Heyətinin iclasındakı çıxışı hər şeydən öncə bu partiyanı və partiyanın üzvlərini düşündürməlidir. Görünür, onlar müzakirə aparıb, bu qənaətə gəliblər. Bizə də onların fikirlərinə hörmət etmək qalır. Seçdikləri yolda onlara uğurlar arzulayıram”.

ReAL partiyasının icraçı katibi Natiq Cəfərli isə hesab edir ki, bir siyasi partiyanın lideri digər siyasi partiyanın liderinin kursunu müdafiə edirsə, ayrıca bir partiya kimi qalmağına ehtiyac yoxdur:

Natiq Cəfərli

“Yəqin ki, Əli İnsanovun rəhbərlik etdiyi Haqq Ədalət Partiyası Yeni Azərbaycan Partiyası ilə birləşməyi düşünür. Siyasi partiyaların əsas vəzifəsi iqtidara gəlmək, parlamentdə çoxluq əldə etmək üçün çalışmaqdır. Əgər müxalif partiya digər partiya liderinin atdığı addımların tamamını qəbul edirsə, onların ayrıca partiya kimi fəaliyyətinin heç bir əhəmiyyəti yoxdur.

Turan Rzayev, Globalinfo.az