lacin yolu aksiya 1241154a06ef

Artıq 15 gündən çoxdur Xankəndi-Laçın yolunda ekoaktivistlər, ictimai fəallar və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan ekologiyasına qarşı aparılan terrora qarşı mövqe nümayiş etdirirlər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi-Laçın yolunda etiraz edirlər.

Globalinfo.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi davam edən aksiyalar və gözləntilərlə bağlı ictimai rəy sorğusu keçirib.

“Xankəndi-Laçın yolundakı aksiyaları izləyirsinizmi?” sualına cavab olaraq, sorğuda iştirak edənlərin ümumilikdə 88.1%-i aksiyaları izlədiyini bildirib. Respondentlərin 54.1%-i “tez-tez izləyirəm”, 34.0%-i “bəzən izləyirəm” cavabını verib. 11.9%-i “heç izləmirəm” cavabını qeyd edib.

Aksiyaları tez-tez izlədiyini bildirənlər arasında kişilər qadınlara nisbətdə üstünlük təşkil edib. Eyni zamanda bu cavabı qeyd edən respondentlər arasında 55-64 yaş qrupunda olanlar digərləri ilə müqayisədə daha çox olub.

“Sizcə, bu aksiyalar Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı?” sualına münasibətdə respondentlərin 78.6%-i “bəli” cavabını verib. Sorğuda iştirak edənlərin 14.2%-i “xeyr” cavabını qeyd edib, 7.2%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib.

Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Turan Rzayev
Globalinfo.az

Paylaş: