Naxçıvanda baş verənlərdə Rusiya izi – Heydər Oğuzla sensasion müsahibə

Son günlər Naxçıvan Muxtar Respublikasında baş verən proseslər ölkə gündəminin əsas mövzusuna çevrilib. DTX Naxçıvan Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirdi, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edildi.

Daha sonra Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi barədə məlumatlar yayılıb. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edildiyi bildirilir.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilərək Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Həmin idarə isə Dövlət Gömrük Komitəsinin strukturuna daxil edilib.

Məsələ ilə bağlı Ovqat.com saytının baş redaktoru, tanınmış jurnalist Heydər Oğuz Globalinfo.az-a müsahibə verib.

– Heydər bəy, Naxçıvanda gedən proseslər ictimaiyyətdə müzakirələrə səbəb olub. Siz bu mövzunu illərdir gündəmdə saxlayan jurnalistsiniz. Naxçıvanda nə baş verir?

–  Naxçıvan hakimiyyəti özünün muxtar statuslarından istifadə edib Azərbaycana tabe olmurdu. Baş verən hadisələr hansısa məmurun korrupsiya faktı deyil, bu, həm də Azərbaycanın suverenliyi məsələsidir. Naxçıvanda Azərbaycanın suverenliyi uğrunda mübarizə gedir və o artıq təmin olunur. Orada Vasif Talıbov özünün dərəbəyliyini yaratmışdı. Nəticədə Naxçıvan camaatı oradan sıxışdırılaraq, qeyri-türklərin yerləşdirilməsi prosesi gedirdi. Naxçıvan tamamı ilə özünün müstəqilliyi istiqamətində addımlar atırdı.

Heydər Oğuz

– Bunu şərtləndirən hansı amillərdir?

– Rusiya bütün respublikalarda özünün muxtar “minalar”ını yaratmışdı ki, istənilən an onu partladaraq öz istiqamətini dəyişməyə çalışan dövlətlərə maneçilik yaratsın. Cənubi Qafqazda Azərbaycanda olduğu kimi Gürcüstanda və bütün Orta Asiya ölkələrində də muxtar respublikalar var idi. Məqsəd Rusiyanın regiondan təsiri azaldıqca, Naxçıvandakı o minanı zərərsizləşdirməkdir. Korrupsiya isə ikinci dərəcəli məsələdir. Azərbaycanın hər yerində bu var. Hərçənd ki, korrupsiya Naxçıvan qədər heç yerdə olmayıb, amma orada dövlət təhlükəsizliyi probblemi öz həllini tapmaq üzrədir.

– Sizcə, dövlət üçün bu təhlükə sovuşdumu, ya hələ qalırmı? 

– Proses tamamlanana qədər təhlükə qalır. Allah bilir nələr baş verəcək?! Naxçıvanda açıq şəkildə sabotajlar edilir. Oradakı məmurlar insanlara deyir ki, “bu boş şeylərdir, biz getmişik Bakı ilə problemlərimizi həll etmişik”. Yəni zülm rejimi davam edəcək. Gömrükdə bütün qadağalar aradan qaldırıldı, amma orada qəsdən süni əngəllər yaradırlar. Bu cür əngəlləri vaxtilə Gömrük Komitəsi Gürcüstan sərhədində də yaradırdı. Mənə vətəndaşlar zəng edib deyir ki, orada gömrükdə üç qapıdan birini işlədirlər və insanları ləng yola salırlar. Bu da istər-istəməz insanlarda narazılıq yaradır. Bəzi maşınları qeyri-qanuni olaraq markalarına görə buraxırlar, bəzilərini buraxmırlar.

– Heydər bəy, bütün bu proseslər Vasif Talıbovun işdən çıxarılması və paralel olaraq həbs edilməsilə nəticələnə bilərmi?

– Vasif Talıbovun özü də olmasa övladlarından birinin və ya ikisinin də həbsi gündəmdədir. Hətta bu gün xəbər yayılıb ki, guya Seymuru da tutublar. Naxçıvana əsas rəhbərlik edən Seymurdur. Vasif Talıbov onu özünün varisi elan edib.

Düzdür, hələ həbs məsələsi təsdiqlənməyib, amma hər halda onun həbsi istiqamətində işlərin getdiyi hiss olunur. Çünki həbs edilən şəxslərin hamısını, xüsusilə Rafael Əliyevi də Vasif Talıbov vəzifəyə təyin etmişdi. O da bütün rüşvəti özü üçün deyil, Seymur üçün toplayırdı. Seymur da həmin korrupsiya ilə əldə edilən varidatını xarici dövlətlərə yatırırdı. Hələ təkcə Dubayda onun 34 milyon dollarlıq oteli var. Bakıda milyonerlər məhləsində Vasif Talıbovun övladlarının üç böyük villasının olduğu bildirilir.

– Vasif Talıbov seçkili orqanın rəhbəri olduğu üçün onu sərəncamla işdən azad etmək mümkün deyil. Muxtar Respublikada bu prosedur necə həyata keçirilir?

– Prezidentin oradakı bütün icra strukturlarını ləğv etmək səlahiyyəti var. Yəqin ki belə də olacaq və hamısı Azərbaycana bağlanacaq. Ola bilsin, Vasif Talıbov heç bir səlahiyyəti olmayan yalançı Naxçıvan parlamentinin rəhbərinə çevrilsin. Prezidentin regionlar üzrə təmsilçiləri var. Bunu Qarabağda, Şərqi Zəngəzurda etdi. Eyni addımı Naxçıvan üçün də istifadə edəcəyini gözləyirəm və bunu arzulayıram. Naxçıvan nazirliklərlə dolu bir diyardır. Burada nazirlər Azərbaycandan daha çoxdur. Yəni belə bir absurd sistem qurulub. Onların hamısını ləğv etmək lazımdır. Hesab edirəm ki, Prezidentin konstitusiya ilə belə bir səlahiyyəti var və onu da edəcək.

Gülnar Səlimova
Globalinfo.az